12:00 19-04-2012
news_image

“Olimpiadada qalib gələ bilməyəcəyim rəqib olmayacaq”

“Düzünü desəm, 1/4 finalda lisenziya uğrunda döyüşün daha çətin keçəcəyini gözləyirdim. Amma yenə də Almaniyadan olan Avropa çempionu Denis Makarov çətin rəqib idi. Lakin xoşbəxtlikdən, döyüşü məşqçilərlə planlaşdırdığımız kimi keçirmək və inamlı qələbə qazanmaq (13:4) mümkün oldu”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Azərbaycan milli komandasının boksçusu Məhəmməd Əbdülhəmidov (56 kq) deyib.

O, Türkiyənin Trabzon şəhərində Avropa Olimpiya təsnifat turnirində yarımfinala yüksəlməyini və bununla da London-2012-yə lisenziyanı təmin etməsini şərh edib. Əbdülhəmidov bildirib ki, yarışdan öncə Olimpiadaya vəsiqə qazanmaq üçün 3-4 döyüş keçirməli olacağını düşünürmüş: “Özümü buna hazırlamışdım, lakin püşk həqiqətən də uğurlu oldu. İki qarşılaşmada qazandığım qələbəmə kifayət etdi. Mənim burada əsas məqsədim turnirdə qalib gəlmək deyil, Olimpiya lisenziyasına sahib olmaq idi. Bununla da öz vəzifəmi yerinə yetirdim. Lakin yarımfinala köklənə bilərəm. Çünki bu rinqdir: sən vurmasan, səni vuracaqlar. Döyüşə çıxacağam və kefim istəyən kimi döyüşəcəyəm”.

Əbdülhəmidov London-2012-dəki rəqibləri barədə də danışıb: “Qarşıdakı Olimpiadada konkret kimin favorit olduğunu deyə bilmərəm. Kuba, İngiltərə, Rusiya, Tacikistanda olan güclü rəqiblər var. Lakin Olimpiadada mənim qalib gələ bilməyəcəyim rəqib olmayacaq”.

Qeyd edək ki, boks komandamıza 6-cı lisenziyanı qazandıran Məhəmməd Azərbaycan yığmasının London-2012-yə vəsiqələrinin sayın 32-yə çatdırıb. (gün.az)