20:35 20-04-2012
news_image
3861
DÖYÜŞ NÖVLƏRİ

Həm lisenziya, həm çempion

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürüb. Apasport.az saytının məlumatına görə, öncə mübarizəyə sərbəst güləşçilər çıxıb. Azərbaycan yığmasının üzvləri 3 çəki dərəcəsində xalça üzərinə çıxıblar.

Amma təmsilçilərimizdən yalnız biri London-2012-yə lisenziya qazana bilib. Bu uğura isə Toğrul Əsgərov imza atıb. O, həm turnirin qalibi adını, həm də olimpiya lisenziyasına sahib çıxıb.

Digər iki güləşçimiz isə uğursuzluqla üzləşib.



1/8 final

55 kq

Bu çəkidə ölkəmizi təmsil edən Mahmud Məhəmmədov ilk döyüşündə Vladislav Andreyevlə (Belarus) qarşılaşıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz ilk döyüşündən qalib ayrılıb. O, ilk hissədə 1:0, növbəti hissədə isə 2:0 hesablı qələbəyə sevinib.

1/4 finalda Məhəmmədovun rəqibi rumıniyalı Andrey Dukov olub. Təmsilçimiz hər 2 hissədə uduzub - 0:1, 4:5.

60 kq

Avropa çempionumuz Toğrul Əsgərov da 1/8 final mərhələsinə uğurla başlayıb. Həmyerlimiz Aleksandr Kontoyevlə (Belarus) görüşdə hər 2 hissəsini qalib kimi bitirərək (1:1, 4:0), növbəti mərhələyə yüksəlib.

Növbəti cəhddə həmyerlimiz alman Tim Şleyxerdən üstün olub. O, ilk hissədə 2:0, ardınca 4:0 hesablı qələbəni bayram edən Əsgərov yarımfinala yüksələrək, orada ukraynalı Aleksandr Fedorişinə qalib gəlib - 2:0 və 4:1. Əsgərova finala çıxmaq olimpiya lisenziyası qazanmaq üçün yetərli olub. Nəticədə London-2012-yə 33-cü lisenziyamızı qazandıq.

Finala gəlincə, Toğrul həlledici görüşdə yerli güləşçi Anatoli Qydea ilə qarşılaşıb. Bolqar idmançısına da qalib gələn (2:0, 1:1) həmyerlimiz turniri birinci yerdə başa vurub.

96 kq

Saypulla Absaidovun yetirmələrindən Aslanbəy Alborov Georgi Atanasov Sredkovla (Bolqarıstan) qarşılaşıb. Təəssüf ki, ağır çəkili pəhləvanımız ev sahiblərinin güləşçisi ilə bacarmayıb və 1:2 hesabı ilə uduzub. Bununla da o, növbəti mərhələyə yüksəlmək şansını itirib.