12:05 25-04-2012
news_image

Güləşçilərimiz Çinə yollandılar

Aprelin 27-29-da Çinin Tayuan şəhərində güləş üzrə London Yay Olimpiya Oyunlarına vəsiqə verəcək Dünya Təsnifat Turnirinə qatılacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, sərbəst güləş yığmamız 55 və 96 kq çəki dərəcəsində lisenziya uğrunda yarışacaq. Millinin məşqçisi Elman Əsgərovun rəhbərliyi altında Yaşar Əliyev (55 kq) və Xetaq Qazyumov (96 kq) artıq Çinə yollanıb.

Yunan-Roma güləşçiləri məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi altında 4 çəki dərəcəsində Olimpiya lisenziyası hədəfləyib. Rəsul Çunayev (66 kq), Emin Əhmədov (74 kq), Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq) də Asiya ölkəsinə gedən heyətə daxil edilib.

Qadın güləşçilər məşqçi Aslan Ağayevin rəhbərliyi altında Anna Belyayeva (63 kq) və Natalya Palamarçuk (72 kq) ilə təmsil olunacaq.

Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 3 güləşçi (finalçılar və bir 3-cü yer) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Turnirin proqramına əsasən, aprelin 27-də sərbəst güləşçilər, 28-29-da yunan-Roma güləşçiləri, aprelin 29-da isə qadın güləşçilər lisenziyalar uğrunda yarışacaqlar.

Qeyd edək ki, güləşçilərimiz XXX Yay Olimpiya Oyunlarına 18 mümkün vəsiqədən 10-nu artıq qazanıblar.