09:48 26-04-2012
news_image
618
DİGƏR NÖVLƏR

“Əhval-ruhiyyə qələbələrin davamlı olacağından xəbər verir”

“Komandamız bütün görüş ərzində təşəbbüsə sahib olmağa çalışdı. Deməzdim ki, çox asan oyun oldu”. Apasport.az saytının məlumatına görə, bunu qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Adil Paşayev deyib.

Təcrübəli mütəxəssis Yaponiyanın Kakamigahara şəhərində keçirilən London Yay Olimpiya Oyunlarının təsnifat yarışında ilk oyunları ilə bağlı fikirlərini açıqlayıb. Paşayev bildirib ki, Malayziya yığmasına 4:0 hesabı ilə qalib gəlsələr də, asiyalılar heç də pis təsir bağışlamayıblar: “İlk yarıda rəqibin 1 topu qapı dirəyinə dəydi. Sonra bir epizodda qapıçımız Viktoriya Şahbazova yüksək ustalıq nümayiş etdirdi. Mən deyərdim ki, turnirdə zəif rəqib yoxdur. Hər bir iştirakçı qalib gəlmək üçün çalışır. Kollektivdəki nizam-intizam və əhval-ruhiyyə qələbələrin davamlı olacağından xəbər verir”.

O, aprelin 27-də qarşılaşacaqları Belarusla oyuna da münasibət bildirib: “Rəqibimiz ilk matçda Çili komandasını 3:1 hesabı ilə qalib gəlib. Oyun çətin olacaq. İnanıram ki, qızlarımızın malayziyalılara qarşı göstərdiyi oyunla belarusları da məyus edə bilərlərk”.

Qeyd edək ki, 6 millinin qatıldığı turnirdə yalnız 1 komanda London-2012-yə lisenziya qazanacaq.