17:24 27-04-2012
news_image
3069
DÖYÜŞ NÖVLƏRİ

Xetaq Qazyumov Çindən lisenziya və qızılla qayıdır

Bu gün Çinin Tayuan şəhərində güləş üzrə London Yay Olimpiya Oyunlarına vəsiqə verən Dünya təsnifat turniri start götürüb. Apasport.az saytının xəbərinə görə, yarışın ilk günündə Azərbaycan milli komandasının 2 pəhləvanı mübarizə aparıb.

Sərbəst güləş yığmamız məşqçisi Elman Əsgərovun rəhbərliyi altında Yaşar Əlivev (55 kq) və Xetaq Qazyumov (96 kq) nəyə qadir olduqlarını nümayiş etdiriblər. Onlardan birincisi ilk döyüşdə uduzsa da, digəri həm turnirin qalibi adını, həm də London-2012-yə lisenziya qazanıb.





55 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Yaşar Əliyev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Həmyerlimiz ilk döyüşündə Tumur Davaakhuyagla (Monqolustan) qarşılaşıb. Təəssüf ki, onun debütü uğurlu alınmayıb.

Belə ki, ilk hissədə 0:3 hesabı ilə uduzan pəhləvanımız sonra hesabı bərabərləşdirsə də, həlledici hissədə ümidlər doğrultmayıb – 0:1.

96 kq

Bu çəkidə təmsilçimiz Xetaq Qazyumov komanda yoldaşından fərqli, yarışa 1/8 finaldan qoşulub. O, ilk döyüşündə Vilyam Harta (Almaniya) qalib gəlməkdə çətinlik çəkməyib. İlk hissəni 1:0 hesabı ilə irəlidə bitirən güləşçimiz növbəti hissədə 3:1 hesabı ilə qələbə qazanıb.

Qazyumovun 1/4 finalda rəqibi slovakiyalı Jozef Jalovyar olub. Təmsilçimiz ikinci döyüşündən də qalib kimi ayrılıb. Jozefdən ilk hissədə 2, ardınca 4 xal alan Xetaq yekunda 6:0 hesabı ilə rəqibini məğlub edib.

Pəhləvanımız yarımfinalda ukraynalı Valeri Andreytsevlə qarşılaşıb. Osetiya əsilli Qazyumov bu dəfə də rəqibinə güzəştə getməyərək, hər 2 hissəni öndə başa vurub – 1:0, 1:0. Nəticədə 2:0 hesablı qələbə onu finala yüksəldib. Bu isə Xetaq üçün həm də London-2012-yə lisenziyanı təmin edib.

Onun həlledici görüşdə rəqibi qırğızıstanlı Məhəmməd Musayev olub. Burada da qalib gələn Qazyumov qızıl medala da yiyələnib.

Qeyd edək ki, reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 3 güləşçi (finalçılar və bir 3-cü yer) London-2012-yə lisenziya qazanır.