10:28 27-04-2012
news_image
715
DİGƏR NÖVLƏR

Yığmamız Belarusa da gücünü göstərdi

Bu gün qadın otüstü hokkeyçilər arasında Yaponiyanın Kakamigahara şəhərində London Yay Olimpiya Oyunlarının təsnifat yarışında II turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, günün ilk qarşılaşmasında Azərbaycan milli komandası Belarus yığması ilə gücünü yoxlayıb.

I turda Malayziyaya 4:0 hesabı ilə qalib gələn Adil Paşayevin yetirmələri ikinci oyunlarında da böyükhesablı qələbəyə seviniblər – 3:0. Komandamızın heyətində asiyalılarla görüşdə olduğu kimi yenə Xatirə Əliyeva dubl edib. Digər qol Janq Süleymanovanın aktivindədir. Bu qələbə sayəsində isə millimiz müvəqqəti də olsa birinci pilləyə yüksəlib.

Günün digər matçlarında Yaponiya Malayziyanı, Avstriya Çilini sınağa çəkəcək.

Qeyd edək ki, hokkeyçilərimiz III turda avstriyalılarla oynayacaq. Bu görüş aprelin 29-da Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.