12:01 27-04-2012
news_image
773
DİGƏR NÖVLƏR

Millimiz Serbiyaya 5 nəfərlə yollanır

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası aprelin 30-da Serbiyanın paytaxtı Belqrada yollanacaq. Baş məşqçi Rudiger Hauffe və məşqçi Yuliana Stoyevanın rəhbərliyi altında 5 avarçəkənimiz səfərə çıxacaq.

Bunlar Boris Yotov, İskra Angelova, Viktoriya Nençeva, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Aleksandr Aleksandrovla Nataliya Mustafayevadır. İdmançılarımız əvvəlcə mayın 4-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Dünya Kubokunun I mərhələsində iştirak edəcəklər. 3 gün davam edəcək yarışda Aleksandrov, Yotov və Mustafayeva 1 nəfərlik qayıqla (1X), Angelova – Nençeva dueti isə 2 nəfərlik təkavarlı qayıqla (2-) 2000 metr məsafəyə yürüşlərə qatılacaqlar.

Bundan sonra yığmamız İsveçrənin Lütsern şəhərinə üz tutacaq. Millimiz Lütserndə 20 – 23 mayda keçiriləcək Son Olimpiya Təsnifat Reqatasına (Final Olympic Qualification Regatta) və 25 – 27 mayda baş tutacaq Dünya Kubokunun II mərhələsinə hazırlaşacaq. Ardından komandamız 15 – 17 iyunda Almaniyanın Münhen şəhərində təşkil olunacaq Dünya Kubokunun III mərhələsinə qatılacaq. Bu yarışlarda mübarizə aparacaq avarçəkənlərimizin adlarına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Dünya Kubokunun I mərhələsində 43 ölkədən 662 akademik avarçəkən qüvvəsini sınayacaq.

amaf.az