13:49 27-04-2012
news_image
1203
DÖYÜŞ NÖVLƏRİ

“O, həm özünü, həm də idmançıları yormuşdu” - MÜSAHİBƏ

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevin apasport.az saytına müsahibəsi

- Rusiyalı baş məşqçi Yevgeni Kotovun yığmamızdan gedişi gözlənilməz oldu. Bunun əsas səbəbi nə idi?
- Yaşlı adam idi. Əlbəttə, 67 yaş baş məşqçi üçün çoxdur. Gedişinə səbəbi də sağlamlığı – səhhətində yaranan problemlər idi. Həm də Avropa Olimpiya Təsnifat Turnirində həm özünü, həm də idmançıları yormuşdu.

- Yəni problem lisenziya turnirinə hazırlıqla bağlı idi?
- Bəli. Həmin yarışa nə özünü, nə də idmançıları lazımınca hazırlaya bilmişdi.

- Bəs “Baku Fires”in baş məşqçisi Həmzət Ağayevin gedişinə səbəb nə oldu?
- Onlar ikisi bir yerdə idilər. Yəni komandaya birgə gəlmişdilər, birgə də getdilər.

- “Baku Fires”in taleyi necə olacaq?
- Komanda fəaliyyətini davam etdirir. Onların məşqçisi var, sonra orada baş menecer Rizvan Gənciyev çalışır. “Baku Fires”in bu gedişlərə dəxli yoxdur.

- Olimpiadaya kimi milli komandaya rəhbərlik edəcək Nəriman Abdullayev və Rasim Məmmədovun qarşısına hansı şərtlər qoyulub?
- Olimpiadaya qısa müddət qalıb və təbii ki, şərtlər də əla çıxışdır. Abdullayev uzun müddət yığmanı çalışdırıb. Əslində, yığmanın baş məşqçisi elə yerli mütəxəssis olmalıdır. Əcnəbilər isə gələrkən onun köməkçisi kimi işləməlidir. Doğrudan, Yevgeni tez-tez xəstələnirdi, yaşlı adam da xəstələnəndə çox çətin olur. Gərək idmançı kimi sağlam olasan ki, komandanı lazımınca hazırlayasan.

- Olimpiadaya hazırlıq proqramı barədə nə deyə bilərsiz?
- Artıq planlar qurulub, 3 tsikl hazırlanıb. Buraya təlim-məşq toplanışları və yarışlar daxildir. Belə ki, yığmamız mayın 14-20-də Belarusda beynəlxalq turnirdə iştirak edəcək. Sonra yenə hazırlıq və yenə beynəlxalq turnir. Buraya isə Özbəkistan, Qazaxıstan, Türkiyə, Ukrayna və Azərbaycan milliləri qatılacaqlar və bir neçə görüş keçirəcəklər. Ondan sonra son hazırlıq mərhələsi başlayacaq. Bu da London-2012-yə axırıncı 1 ay qaldığı müddətdə baş tutacaq.

- Son təlim-məşq toplanışı Azərbaycanda, yoxsa, xaricdə keçiriləcək?
- Çox güman ki, Bakıda olacaq. Amma Olimpiadaya 7-10 gün qalmış İngiltərədə davam etdiriləcək.