16:13 28-04-2012
news_image
2208
DÖYÜŞ NÖVLƏRİ

Çində ikinci qızıl və ikinci lisenziya - YENİLƏNİB

Çinin Tayuan şəhərində London Yay Olimpiya Oyunlarına vəsiqə verən Dünya Təsnifat Turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulublar.

Belə ki, məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi altında Rəsul Çunayev (66 kq) və Emin Əhmədov (74 kq) xalçaya çıxıblar. Onlardan birincisi uduzsa da, Emin qələbəni bayram edib. O, həm qızıl medallara, həm də London-2012-yə lisenziyaya sahib olub.

Millimizin digər üzvləri Şalva Qadabadze (96 kq) və Məsud Həşimzadə (120 kq) isə sabah - turnirin son günündə qüvvələrini sınayacaqlar.




66 kq
Bu çəkidə ölkəmizi təmsil edən Rəsul Çunayev 1/16 finalda Tamas Lorinczlə (Macarıstan) güləşib. O, ilk hissədə qələbə qazansa da (5:0), növbəti hissələrdə uduzub (0:1, 0:4).

Lakin rəqibinin finala kimi irəliləməsi Çunayevə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Təəssüf ki, təmsilçimiz bu dəfə özbəkistanlı Dilşodcan Turdiyevə də eyni ssenari ilə məğlub olub – 2:1, 0:3, 0:1.

74 kq
Emin Əhmədov (Azərbaycan) da Çunayev kimi yarışa 1/16 final mərhələsindən və özü də macarıstanlı idmançı ilə başlayıb. Lakin o, komanda yoldaşından fərqli, rəqibinə heç bir şans verməyib. Belə ki, Peter Bacsi ilk hissədə qalib gəlsə də (3:1), növbəti hissələri həmyerlimiz aktivinə yazıb – 3:2, 3:2.

Emin 1/8 finalda yaponiyalı Tsukasa Tsurumakinin gücünü yoxlayıb. Lakin asiyalı pəhləvan da idmançımız qarşısında tab gətirə bilməyib (1:2, 3:0, 5:0).

Növbəti mərhələdə Əhmədova Mixael Moysio (Finlandiya) rəqib olub. Pəhləvanımız onu da xalçaya çıxmağa peşman edib. İlk hissədə 2:0, ardınca 6:0 hesabı ilə qələbə qazanan güləşçimiz yarımfinala yüksəlib.

Bu döyüşdə o, ukraynalı Vladimir Şatskixlə qarşılaşıb. Emin yenə rəqibini məyus edib – 6:0, 5:1. Nəticədə finala yüksələn pəhləvanımız həm də, özü üçün London-2012-yə lisenziyanı təmin edib.

O, belaruslu Aleksandr Kikinovla həlledici görüşdə də qalib tərəf olub və qızıl medala yiyələnib.

Qeyd edək ki, yarışın ilk günündə Əhmədov kimi Xetaq Qazyumov (sərbəst güləş, 96 kq) da London-2012-yə lisenziyaya sahib olmaqla yanaşı, qızıl medala yiyələnmişdi.