08:36 30-04-2012
news_image
1188
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan London Olimpiadasına 49-cu lisenziyanı qazandı

Azərbaycan London Yay Olimpiya Oyunlarına daha 7 lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın Çelyabinsk şəhərində başa çatan Avropa çempionatından sonra Olimpiadaya vəsiqə qazanan cüdoçularının adları müəyyənləşib.

Belə ki, Beynəlxalq Cüdo Federasiyasının (İJF) olimpiya təsnifat cədvəlinə əsasən yığmamız 7 lisenziyaya sahib olub. Bunlar İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli və ya Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadır (63 kq). Bununla da Azərbaycan Olimpiya yığmasının qazandığı lisenziyaların sayı 49-a çatıb.

Qeyd edək ki, İJF-in qaydalarına əsasən Olimpiadada hər çəki dərəcəsində hər ölkə yalnız 1 cüdoçu ilə təmsil oluna bilər. Bunun üçün də 81 kq çəki dərəcəsində Londona ya Olimpiya çempionumuz Elnur Məmmədli, ya da Elxan Rəcəblinin yollanmasına bugünlərdə dəqiqlik gələcək.