13:06 30-04-2012
news_image
883
DİGƏR NÖVLƏR

“Velosiped idmanı Azərbaycan üçün vacibdir”

Azərbaycanda təşkil ediləcək ilk peşəkar yarış – mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr edilən veloturun Təşkilat Komitəsi bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov turnirin mayın 9-13-də 5 mərhələdən ibarət olacağını deyib.

Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Beynəlxalq Velosipedçilər İttifaqının təşkilatçılığı ilə keçiriləcək yarışa dünyanın bir sıra ölkələrində analoji tədbirlərin keçirilməsində böyük təcrübəsi olan Almaniyanın “Freunde Eventlogistik” şirkəti də cəlb edilib.

Ələkbərov bildirib ki, ilk peşəkar turnir yüksək səviyyədə təşkil olunacaq: “Bu yarış Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqviminə daxil edilib və U-23 kateqoriyasına aid UCİ-nin kontinental turudur. Yarışda 17 ölkədən 20 komanda mübarizə aparacaq. Əsas qrupda 4 qitə, 4 milli və 12 klub-qarışıq komanda qüvvəsini sınayacaqlar. Turla bağlı hər şey yüksək səviyyədə gedir. Artıq müvafiq tədbirlər planı hazırlanıb və tam həcmdə reallaşmaqdadır. Yarışda iştirak edəcək komanda üzvlərinin yerləşdirilməsi, yarış zamanı paytaxtda və regionlarda nəqliyyatın hərəkətinin tənzimlənməsi, iştirakçıların təhlükəsizliyinin təmin edilməsilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir”.

Vitse-prezident turnirin yüksək səviyyədə keçirilməsi üçün 2007-ci ildə şose üzrə dünya çempionatının təşkilatçısı olan Alberxt Roeder tərəfindən planlaşdırıldığını bir daha diqqətə çatdırıb: “İnanıram ki, bunun üçün elə ciddi problem olmayacaq. Artıq sınaqlar keçirmişik. Yarış zamanı velosipedçiləri 20 polis motosikleti, hər komanda üçün 2 avtomaşın da izləyəcək. Həmçinin, burada vertolyot da olmasını planlaşdırırıq. Yarışı izləyənlər arasında tanınmış idmançılar da yer alacaq. Onlardan biri isə sabiq SSRİ vaxtında Azərbaycanı təmsil etmiş və hazırda Ukraynada yaşayan Averindir. Turnirin ənənəvi olması da planlarımıza daxildir”.

Daha sonra Roeder veloturun marşrutu ilə bağlı məlumat verib. O bildirib ki, turnir Azadlıq meydanında qadınların fərdi yarışı ilə start götürəcək: “Elə həmin gün mayın 9-da açılış mərasimi keçiriləcək. Mərasimdə ekstrim-velosipedçilərin şousu da təşkil olunacaq. Sonra kişilər arasında, demək olar ki, eyni marşrutla turnirin I mərhələsi – “Azadlıq meydanı-Nobel prospekti-Zığ şosesi-Nobel prospekti-Azadlıq meydanı” marşrutu üzrə komanda yarışı keçiriləcək. Növbəti gün – mayın 10-da velosipedçilər Heydər Əliyev Sarayının qarşısındakı abidəsini ziyarət etdikdən sonra 176 km-lik Bakı-Qobustan-Şamaxı-İsmayıllı marşrutu üzrə yola çıxacaqlar. 3-cü mərhələ 1 gün sonra Qəbələdən başlayacaq. Onlar ardından Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək, yenidən Qəbələyə qayıdacaqlar. Marşrutun uzunluğu 160-km-dir. 4-cü mərhələnin başlanılması üçün iştirakçılar mayın 12-də səhər İsmayıllıya gələcəklər. Sonra onlar müəyyən edilmiş marşrutla Qəbələyə gedərək, buranda 12 dövrə vuracaqlar. Bu dəfə velosipedçilər 114 km məsafəni qət edəcəklər. Sonuncu mərhələ Bakıda olacaq. Həmin mərhələdə iştirakçılar paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 km olmaqla 10 dövrə vuracaqlar”.

AVİF-nın idman direktoru Teo Mauxer isə yürüşdə ölkəmizi təmsil edəcək “ATA sport” və “Sumqayıt” komandalarının hazırlığına toxunub: “Velosiped elə bir idman növüdür ki, burada itirdiyini qaytara bilmirsən. Məsələn, futbolda topu itirdikdən sonra ona yenidən sahib ola bilirsən, lakin bizdə nəyisə itirdikdə qaytarmaq mümkün deyil. Həmçinin, velosiped idmanı Azərbaycan üçün vacibdir. Çünki burada bu yarışdan sonra həmin idman növünə maraq artacaq və bu da tıxaclara müəyyən mənada kömək olacaq. İdmançılarımıza gəlincə, onlar Rusiya və Ukraynada yüksək səviyyədə təlim-məşq toplanışında iştirak ediblər. Bundan əlavə, velosipedçimiz Tural İsgəndərov Almaniyanın peşəkar komandası ilə birgə hazırlıq prosesi keçib. Bu səbəbdən veloturda idmançılarımız yüksək yerlər uğrunda mübarizə aparacaqlar”