13:41 30-04-2012
news_image
626
DİGƏR NÖVLƏR

“Yelena Çalıx London Olimpiadasına iddialı yollanacaq”

“Əsas məqsədimizdən biri bu idman növünün maddi-texniki bazasını yüksəltməkdir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

Federasiya rəsmisi bu gün keçirilən mətbuat konfransında velosiped idmanının ölkəmizdə yeni mərhələyə qədəm qoyduğunu deyib. Onun sözlərinə görə, Fazil Məmmədov federasiya prezidenti seçildikdən sonra bu idman növü keçmiş günlərini qaytarır: “Azərbaycanda velosiped idmanını inkişaf etdirmək və populyarlaşdırmaq üçün lazımı tədbirlər görürük. 20-25 il öncə bu idman növü ölkəmizdə olsa da, sonradan yox səviyyəsində idi. Artıq bizim idmançımız Yelena Çalıx London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Həmçinin, Bakıda olan velotrek yaxın zamanlarda tam təmir olunacaq və idmançıların ixtiyarına veriləcək. Yəni gözəl bir velotrek tikməyi də planlaşdırırıq. Bundan əlavə, Bakı Bulvarında velosipedçilər üçün xüsusi cığır da hazırlanır. Bu isə idmanın bu növünün inkişafına öz töhfəsini verəcək”.

Ələkbərov bildirib ki, Olimpiya yığmamızın heyətində yer alacaq Çalıx London-2012-də özünü yaxşı tərəfdən göstərəcək: “O, Olimpiadaya iddialı yollanacaq. Uğurlu çıxışına inamımız böyükdür”.