08:22 02-05-2012
news_image

Daha 5 lisenziyaya doğru

May 4-6-da Finlandiyanın Vantaa şəhərində güləş üzrə son Olimpiya təsnifat turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu yarışda 5 idmançı təmsil edəcək.

Sərbəst güləşçilərin turnirində mübarizəyə Mahmud Məhəmmədov (55 kq), yunan-Roma güləşində Vitali Rəhimov (66 kq) və Məsud Həşimzadə (120 kq), qadınlar arasında Nadya Sementsova (63 kq) və Dina İvanova (72 kq) qoşulacaqlar.

Finlandiyaya, həmçinin, yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Saleh Bora, sərbəst güləş yığmamızın böyük məşqçisi Firdovsi Umudov, qadınlardan ibarət güləş yığmamızın baş məşqçi əvəzi Məhəmməd Əliömərov, qadınlardan ibarət yığmamızın böyük məşqçisi Qrek İqnat, eləcə də Olimpiya dərəcəli hakim Əjdər Cəfərov və beynəlxalq dərəcəli hakim İntiqam Alıyev də yola düşəcəklər.

Turnirin proqramına əsasən, mayın 4-də sərbəst güləşçilər, mayın 5-də və 6-da isə yunan-Roma və qadın güləşçilər mübarizəyə qoşulacaq.

Qeyd edək ki, bu günədək güləşçilərimiz London Olimpiadasına 13 lisenziya qazanıb. Yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), sərbəst güləş üzrə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (90 kq), Cəmaləddin Məhəmmədov (120 kq) və qadın güləşində Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (55 kq) Olimpiya Oyunlarına vəsiqə qazanıb.