08:21 04-05-2012
news_image

Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı

Böyük Britaniyanın Mançester şəhərində böyüklər arasında taekvondo üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 14 idmançı ilə yarışda iştirak edən Azərbaycan milli komandası birinciliyin ilk gününü gümüş medalla başa vurub.

Belə ki, birinci görüşdə danimarkalı idmançını 13-2, ardından belaruslu rəqibini 5-0 hesabı ilə məğlub etməklə bürünc medalı təmin edən Mikayıl Əliyev (54 kq) yarımfinalda ingiltərəli taekvondoçuya 15-9 hesabı ilə qalib gəlib. Final görüşündə öz çəkisinin favoritlərindən sayılan rusiyalı Seyfulla Maqomedovla gərgin görüşdə isə daha təcrübəli rəqib üstün olub. Mükafatçılara medalları Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti və Avropa Taekvondo Birliyinin vitse-prezidenti Füzuli Musayev təqdim edib.

Digər taekvondoçularımıza gəlincə, son saniyələrində qələbəni əldən verən Səbinə Mikayılova (62 kq) ilə Xəyalə Quliyeva isə (46 kq) mübarizəni bürünc medalın bir addımlığında dayandırmalı olublar. İlk gün döyüşən 4 taekvondoçumuzdan Aydın Bəhməlovun (+87 kq) tanınmış idmançı Bəhri Tanrıqulu (Türkiyə) ilə çıxışı uğursuz alınıb.

Bu gün daha 3 idmançımız yarışa qatılacaq. Samir Aydınov (58 kq) kiprli, Fərid Tağızadə (87 kq) polşalı, Türkanə Tahirli (49 kq) isə türkiyəli idmançı ilə ilk görüşlərin keçirəcəklər. Avropa çempionatına mayın 6-da yekun vurulacaq.