20:20 04-05-2012
news_image
2619
DÖYÜŞ NÖVLƏRİ

Məhəmmədov lisenziya qazana bilmədi - YENİLƏNİB

Bu gün Finlandiyanın Vantaa şəhərində güləş üzrə son Olimpiya təsnifat turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə mübarizəyə sərbəst güləşçilər qatılıblar.

Səfərə 5 idmançı ilə yollanan Azərbaycan yığmasının heyətində öncə Mahmud Məhəmmədov (55 kq) nəyə qadir olduğunu nümayiş etdirib. Sərbəst güləş yığmamız 7 mümkün çəkidən 6-da lisenziya qazandığından 1 çəkidə yarışıb. Təəssüf ki, turnirdə yalnız finala yüksələnlər London-2012-yə vəsiqə qazandıqlarından, təmsilçimiz bu hüquqa yiyələnə bilməyib.



55 kq

Yığmamızın üzvü Mahmud Məhəmmədov ilk mərhələdən azaddır. Onun 1/8 final mərhələsində rəqibi ukraynalı Vitali Qurski olub. Pəhləvanımız qələbə qazanmaqla, növbəti mərhələyə adlayıb.

O, 1/4 finalda Andrey Dukovu (Rumıniya) sınağa çəkib. Görüş pəhləvanımızın asan qələbəsi ilə yekunlaşıb. İlk hissədə 3:0 hesabı ilə qalib gələn Mahmud növbəti hissədə rəqibini 5:0 hesabı ilə məğlub edib.

Yarımfinalda isə təmsilçimiz monqolustanlı Naranbaatar Bayaraa ilə münasibətinə aydınlıq gətirib. Məhəmmdov ilk hissəni aktivinə yazsa da (1:0), növbəti 2 hissədə rəqibi ilə bacarmayıb (0:2, 1:4) və lisenziyanın bir addımlığında mübarizəni dayandırıb.

Qeyd edək ki, turnirin proqramına əsasən, mayın 5-də və 6-da isə yunan-Roma və qadın güləşçiləri mübarizəyə qoşulacaq.