15:12 04-05-2012
news_image
851
DİGƏR NÖVLƏR

Nataliya Mustafayeva yarımfinala yüksəldi

Azərbaycan akademik avarçəkənləri Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Kubokunun I mərhələsində mübarizəyə başlayıblar. Milli Avarçəkmə Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizi 2 kişi, 3 qadın avarçəkən təmsil edir. Onlardan Nataliya Mustafayeva ilk cəhddəcə uğurla çıxış edərək, yarımfinala yüksəlib.

Öncə start xəttinə qadınlar arasında 2 nəfərlik təkavarlı qayıqla (W2-) Viktoriya Nençeva – İskra Angelova dueti çıxıb. Onların rəqibləri Anastasiya Prodan – Alyona Yaşina (Ukrayna), Georgeta Andrunaçe – Vioritsa Susanu (Rumıniya), Kerstin Hartmann – Marlen Sinniq (Almaniya), Erik Kafaro – Eleanor Loqan (ABŞ) və Claudia Belderbos – Şantal Axterberq (Hollandiya) cütlükləri olub. Duetimiz 2000 metr məsafəni 7 dəqiqə 40, 26 saniyəyə qət edib və 5-ci olub. Yalnız Ukrayna təmsilçilərini qabaqlayan Nençeva – Angelova dueti təsəlli yürüşünə çıxacaq. Bakı vaxtı ilə saat 18:12-də başlanacaq yürüşdə onların rəqibləri Vianka van Dorp – Olivia van Royyen (Hollandiya), Mariya Laura Abalo – Qabriela Best (Argentina), Tatyana Stekolşikova – Viktoriya Vıxrist (Ukrayna) və Kerstin Hartmann – Marlen Sinniq (Almaniya) olacaq. İlk 3 yeri tutan duetlər yarımfinala çıxacaqlar.

Ardından kişi avarçəkənlərimiz Boris Yotov və Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla (M1X) mübarizəyə qoşulublar. Yotovun rəqibləri Çanq Lianq (Çin), Andrey Sinek (Çexiya), Lukas Babak (Slovakiya), Kennet Jurkovski (ABŞ), Vladimir Latin (Estoniya) olub. 17 yaşlı idmançımız 2000 metr məsafəni 7 dəqiqə 22,79 saniyəyə qət edərək, 5-ci yeri tutub. Yalnız Babakı qabaqlayan Yotov təsəlli yürüşünə qatılacaq. Aleksandrov Urban Ulkar (Sloveniya), Alan Kempbell (Böyük Britaniya), Andre Redr (Slovakiya), Tim Meyens (Belçika), Karsten Brodovski (Almaniya) ilə yarışıb. 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış avarçəkənimiz 2000 metr məsafədəki finişə 7 dəqiqə 12,09 saniyəyə çatıb. Bu nəticə ilə 4-cü olan 22 yaşlı idmançımız Redr və Ulkarı qabaqlamağı bacarıb. Aleksandrov da təsəlli yürüşünə qatılacaq. Bu iki avarçəkənimiz saat 19:36-da başlanacaq növbəti yürüşdə bir-birinə rəqib olacaqlar. Onlarla birgə start xəttinə Yan Spik (Sloveniya), Mindauqas Qrişkonis (Litva) və Kamillo Franek (Avstriya) çıxacaq.

London olimpiadasına lisenziya qazanmış qadın avarçəkənimiz Nataliya Mustafayeva da 1 nəfərlik qayıqla (W1X) çıxış edir. Onun Belqraddakı yarışda ilk rəqibləri Raçel Gembl-Flint (Böyük Britaniya), Kaisa Pajusalu (Estoniya), Anya Sesum (Sloveniya), Mirka Knapkova (Çexiya) və Annik De Dekker (Belçika) olub. Mustafayeva yürüşün əvvəlindən sonunadək ikinciliyi əldən verməyib. O, 2000 metr məsafəni 7 dəqiqə 39,47 saniyəyə qət edib. Mustafayeva finişə birinci çatan son dünya və Avropa çempionu Mirka Knapkova ilə birgə birbaşa yarımfinala yüksəlib.

Qeyd edək ki, Dünya Kubokunun I mərhələsinə mayın 6-da yekun vurulacaq.