23:10 04-05-2012
news_image
1355
DÖYÜŞ NÖVLƏRİ

Qran-Pri başlamayıb, Kifayət Qasımova finaldadı

Bu gün "Sərhədçi" Olimpiya İdman Mərkəzində kişi və qadınlar arasında Qran-Pri turnirinə start veriləcək. Apasport.az saytının xəbərinə görə, sabah yekunlaşacaq turnirdə Azərbaycan da daxil olmaqla 22 ölkəni təmsil edən 120 cüdoçü (86 kişi, 34 qadın) 7 çəki dərəcəsində çıxış edəcək. Onlardan 7-si qadın olmaqla 34-ü ölkəmizi təmsil edir.

Reqlamentə görə, turnirin birinci günü çəkisi 48, 52 və 57 kq olan zəriflər, 60, 66, 73 kq-da olan kişilər tatamiyə çıxacaq. Turnirin ikinci günü isə çəkisi 63, 70, 72 və +72 kq olan qadınlar, eləcə də 81, 90, 100 və +100 kq-da çıxış edən kişi cüdoçular mübarizə aparacaqlar.

Bu gün tatamiyə çıxacaq olimpiyaçılarımızdan İlqar Müşkiyev (60 kq) ilk görüşünü gürcüstanlı Qeorqi Brolaşviliyə qarşı keçirəcək. Digər olimpiyaçımız Tərlan Kərimovsa (66 kq) yarışa türkiyəli Xəlil Uzuna qarşı görüşlə qatılacaq. Onunla eyni çəkidə güləşən Nicat Şıxəlizadə macar Bentse Zamboriylə üzləşəcək.

Təcrübəli cüdoçularımızdan biri olan Elxan Rəcəbli özünü 81 kq-da deyil, 90-da sınayacaq və ilk görüşünü gürcü Zyavid Qoquçiriyə qarşı keçirəcək. 90 kq-da London Olimpiadasına lisenziyanı təmin edən Elxan Məmədov isə bu turnirdə 100 kq çəkidə çıxış edəcək.

Qadınların yarışına gəlincə, Kifayət Qasmıova (57 kq) demək olar ki, birbaşa çempionluq uğrunda yarışacaq. Çünki bu çəkidə ondan və türkiyəli Tuqba Dursundan başqa cüdoçu yoxdu. 63 kq çəki dərəcəsində çıxış edən Ramilə Usubovanın 5 rəqibi olduğu üçün bunlar birincilik uğrunda dairəvi sistem üzrə yarışacaqlar. Ramilənin rəqibləri azərbaycanlı Xanım Hüseynova, xorvatiyalı Andrea Dakoviç, yaponiyalı Xaruka Yasumatsı və britaniyalı Cemma Xouell olacaq.

Qeyd edək ki, adi reytinq xalı verən bu turnirdə hər çəki dərəcəsində ilk üç yeri tutan cüdoçular müvafiq olaraq, aktivlərinə 200, 120 və 80 lisenziya xalı yazmış olacaqlar. Beşinci yerin sahibləri isə 40 xalla kifayətlənəcək.

Yeri gəlmişkən, ümumi mükafat fondu 150000 ABŞ dolları olan turnirdə hər çəki dərəcəsində qalib adını qazanan cüdoçular 3 min, ikinci yerə çıxanlar 2 min, üçüncü yeri tutanlar isə 1000 dollar məbləğində mükafata sahib olacaq.