19:00 05-05-2012
news_image
3697
DÖYÜŞ NÖVLƏRİ

Rəhimovun arzusu puç oldu - YENİLƏNİB

Finlandiyanın Vantaa şəhərində güləş üzrə London Yay Olimpiya oyunlarına lisenziya verən son təsnifat turniri start götürüb. Apasport.az saytının xəbərinə görə, yarışın ilk günündə mübarizəyə sərbəst güləşçilər qoşulublar.

55 kq çəkidə mübarizə aparan Mahmud Məhəmmədov 1/8 final mərhələsində ukraynalı Vitali Qurskiyə, 1/4 finalda rumın Andrey Dukova qalib gələrək yarımfinala çıxıb. Amma idmançımız lisenziyanın bir addımlığında Monqolustan güləşçisi, turnirin gələcək çempionu Naranbaatar Bayaraya uduzmaqla, Londona yollanmaq arzusunun üstündən xətt çəkib.

Bu gun 66 kq çəkili yunan-roma güləşçimiz Vitaliy Rəhimov lisenziya arzusunu gerçəkləşdirməyə çalışacaq. O, mübarizəyə 1/16 finalda Honduras idmançısı Jefrin Benito Mexia Sambula ilə görüşlə start verib. Cənubi amerikalıya heç bir şans verməyən Rəhimov (4:0, 3:0) növbəti mərhələdə slovakiyalı Riçard Riqo ilə üz-üzə gəlib. Bu dəfə də rəqibinə xal verməyən idmançımız hər hissədə 2:0 hesabına sevinib.

1/4 finala yüksələn Vitalinin rəqibi rusiyalı İslambek Albiyev olub. Təəssüf ki, həmyerlimiz bu cınaqdan məğlub ayrılaraq, London Olimpiadasına lisenziya qazana bilməyib.

Mayın 6-da, turnirin son günü isə yunan-Roma güləşində Məsud Həşimzadə (120 kq), qadınlar arasında isə Nadya Sementsova (63 kq) və Dina İvanova (72 kq) döşək üzərinə çıxacaqlar. Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 idmançı – yəni finalçılar London Yay Olimpiya Oyunlarına lisenziya qazanırlar.

Qeyd edək ki, bu günədək güləşçilərimiz London Olimpiadasına 18 mümkün lisenziyadan 13-nü əldə ediblər. Yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq) və Şalva Qadabadze (96 kq), sərbəst güləş üzrə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (90 kq) və Cəmaləddin Məhəmmədov (120 kq), qadın güləşində isə Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (55 kq) Olimpiya Oyunlarına vəsiqə qazanıb.