16:27 06-05-2012
news_image
785
DİGƏR NÖVLƏR

Dünya Kubokunda bürünc medal

Azərbaycan akademik avarçəkəni Nataliya Mustafayeva Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) mübarizə aparan 27 yaşlı avarçəkənimiz finalda 2000 metr məsafəni 7 dəqiqə 29,71 saniyəyə qət edib.

O, start xəttinə dünya çempionu Xiuyun Çanq (Çin), dünya və 2 qat Avropa çempionu Mirka Knapkova (Çexiya), dünya çempionu Frida Svensson (İsveç) və Sanita Puspure (İrlandiya) ilə çıxıb. Daha bir finalçı İva Obradoviç (Serbiya) isə yürüşə qatılmayıb. Mustafayeva yürüşün 500 metrlik bölümündə 5-ci olub, 1000 metr və 1500 metr məsafəni o, 4-cü keçsə də, finişə Çanq (7:24.15) və Knapkovadan (7:27.55) sonra çatmağı bacarıb. Beləliklə, Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi yüksək hazırlıq səviyyəsində olduğunu nümayiş etdirib. Bu, ölkəmizin akademik avarçəkmə növündə böyüklər arasında mötəbər yarışlarda əldə etdiyi ilk medal olub.

London olimpiadasına lisenziya qazanmış daha bir akademik avarçəkənimiz Aleksandr Aleksandrov da Dünya Kubokunun I mərhələsində final yürüşünün iştirakçısı olub. Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandrov 2000 metr məsafəni 6 dəqiqə 56,56 saniyəyə qət edərək, 5-ci yeri tutub. Dünya və 2 qat Avropa çempionu, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Andrey Sinek (Çexiya) 6 dəqiqə 47,82 saniyə nəticə ilə qalib olub. Alan Kempbell (Böyük Britaniya) 6 dəqiqə 51,33 saniyə nəticə ilə gümüş, Angel Furnier Rodriges (Kuba) 6 dəqiqə 53,62 saniyə nəticə ilə bürünc medal qazanıb. Finişə 6 dəqiqə 55,04 saniyəyə çatan Lianq Çanq (Çin) 4-cü olub. 22 yaşlı avarçəkənimiz yalnız 2 qat Avropa çempionu Mindauqas Qrişkonisi (Litva) 3,62 saniyə üstələməyi bacarıb.

Qeyd edək ki, Dünya Kubokunun I mərhələsində mübarizə aparmış digər akademik avarçəkənlərimizdən Viktoriya Nençeva – İskra Angelova dueti 2 nəfərlik təkavarlı qayıqla (W2) yürüşdə 11-ci, Boris Yotov kişilərin yarışında 1 nəfərlik qayıqla (M1X) yürüşdə 21-ci yeri tutub.