12:36 07-05-2012
news_image
5980
DÖYÜŞ NÖVLƏRİ

“Çəkimi dəyişsəm də, adımı itirmədim”

Olimpiya çempionu Elnur Məmmədli və şəxsi məşqçisi Yaşar Allahverdi Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibə veriblər. Apasport.az-ın məlumatına görə, onlar arxada qalan günləri yada salıb, gələcək planları barədə danışıblar.

- Kimdir Elnur Məmmədli?
- Y. A.
Elnura qədər Azərbaycanda, idman komplekslərində cüdoya heç bir maraq yox idi. Bütün stadionlar və klublar cüdo üçün bağlı idi. Ona görə də heç kim gəlmirdi. Ancaq Olimpiadadan sonra yerli cüdoda böyük effekt yarandı.

- E. M. Əsas deyil ki, Olimpiya çempionu olasan... Azərbaycanda insanlar məni adi oğlan kimi görürdülər və birdən tanınmış adam, qəhrəman oldum. Bu təkcə cüdoda deyil, bütün Azərbaycanda idi. Ola bilər yadınızdadır, Pekin Olimpiadasında təqdimetmə zaman 3 kadr göstərirdilər. Onlardan biri amerikalı üzgüçü Maykl Felpsin, digəri yamaykalı atlet Useyn Boltun, üçüncü isə mənim şəklim idi. Bu 3 şəkil onu göstərirdi ki, Pekində ən tanınmış idmançılar bizik.

- Lap əvvəldə, 9 yaşında cüdoya gələndə artıq sizin arzunuz Olimpiya çempionu olmaq idi?
- E. M.
Əlbəttə, 9 yaşımda arzumun zirvə nöqtəsi Olimpiya çempionu olmaq idi.

- Y. A. Sizə kiçik bir hadisəni danışmaq istərdim. Siz mənim ideyamı oğurladınız. Mən buna gəlib, sizinlə bu mövzuda danışmaq istərdim. Elnur cüdoya gələndə əlimi çiyninə qoydum və gülərək, çox sakit şəkildə ona “çempion” dedim.

- E. M. Belə deməyin, bu, məni həyəcanlandırır!

- Y. A. Beynəlxalq Olimpiya Komitəsi Afina-2004-də gənc idmançılara “wild card” verirdi. Onda Elnurun 16 yaşı vardı. Ancaq Məmmədli ona düşən kartı qıza verərək belə dedi: Mən növbəti Olimpiadaya özüm gələcəyəm. Turnirdə mübarizə aparmaq üçün güzəştli kart lazım deyil, vəsiqəni özüm qazanmaq istəyirəm. Mən paradda iştirak edəcəm, döyüşəcəm və çempion olacam. Elnur çempion olanda da ağlayırdı, bu onun istəyini göstərirdi.

- E. M. Yəni, indi mən centlmenəm!

- Bəs həmin qız indi nə edir?
- E. M.
O da Avropa çempionatında iştirak edirdi.

- Olimpiya çempionu olduqdan sonra həyatınızın dəyişdiyini dediniz. Bizə ətraflı izah edə bilərsizmi ki, bundan sonra həyatınızda nə dəyişdi?
- E. M.
Ailə həyatı qurdum, oğlum oldu. İndi daha məsuliyyətliyəm. Çünki ona diqqət yetirməliyəm ki, bütün Azərbaycan məni düşünür. Əvvəl isə adi oğlan idim. Azərbaycan müstəqillik qazandıqdan sonra cüdoda ilk qızıl medalı mən qazanmışam. Bu medalın təqdim olunması zamanı isə prezidentimizin Pekinə gəlməsi mənim üçün inanılmaz idi. Bu, mənə ikiqat sevinc bəxş etdi.

- Növbəti Olimpiadada vəzifəniz nədir?
- E. M.
Bildiyiniz kimi, cüdo elə bir idman növüdür ki, orada nə baş verdiyini heç kəs bilmir. Ancaq əlbəttə, qızıl medal qazanmaq üçün gedəcəyəm. Dəfələrlə olub ki, Avropa, dünya, hətta Olimpiya çempionu Olimpiadaya gedib və özündən qat-qat zəifə uduzub. Bu, normaldı. Vəzifəm odur ki, yenidən qələbə üçün mübarizə aparım.

- Bir az da çəkinizdə dəyişiklikləri izah edərdiniz (73 kq-dan 81 kq-a keçib - red). Bu ilk problemdir, elə deyilmi? İkinci problem cüdodakı dəyişikliklərdir. Siz bunları necə şərh edərdiniz?
- E. M.
Fikrimcə, çəkidə dəyişiklik problem ola bilməz. Çünki bütün idmançılar birbaşa öz çəkilərini dəyişə bilərlər ki, bu normaldır. Ancaq Allaha şükür, mən çəkimi dəyişəndə adımı itirmədim. Yenə bu idman növündə tatamidəyəm, çəkim dəyişsə də, dünya reytinqində üçüncüyəm. Yeni çəkidə Avropa çempionu, “Master Klass”ın qalibi olmuşam.

- Bəs texniki dəyişikliklər? Bu sizin üçün böyük dəyişikliklərdir...
- E. M.
Əlbəttə, ayaqdan tutmaq mənim şah fəndim idi. Ancaq mənim digər hərəkətlərim də var. “Master Klass”ı məhz bu dəyişiklikdən sonra udmuşam.

- Olimpiadaya qədər növbəti 3 ayda proqramınız necə olacaq?
- E. M.
İsmayıllıdakı 10 gün hazırlığımızdan sonra Türkiyəyə Antalyaya təlim-məşq toplanışına yollanacağam. Bundan sonra Barselonada belə hazırlığım olacaq. Ardından Moskvaya Qran-priyə gedəcəyəm və əlbəttə Bakıdakı “Evrovision” müsabiqəsi keçirilən vaxt Azərbaycanda olacağam.

- Bu vacibdir!
- E. M.
Orda bayrağımızı nümayiş etdirəcəyəm.

- Öz çəkinizdə digər çempionların nəticələrinə baxırsız?
- E. M.
Əsas rəqibim Braziliyadan Leandro Quilheyrodur. Onunla döyüşmüşəm. İkinci rəqibim olan koreyalı Kimlə heç vaxt görüşməmişəm. Əlbəttə, onları izləyirəm və bilirəm ki, onlar da bunu edirlər. Bu, normal haldır ki, mən onları izləyib, nəticələrinə diqqət yetirirəm.

- Olimpiadadan sonra nə edəcəyinizi təsəvvür edirsizmi?
- E. M.
İlk növbədə istirahət edəcəyəm. Antalyada, Parisdə, Almaniyada... Əgər dəvət etsəniz, sizə də qonaq gələcəyəm.

Azərbaycanda cüdo çox populyar oldu. Bu da mənim və digər Avropa və Olimpiya çempionlarının hesabınadır. Fransada cüdo futboldan sonra ikinci yerdədir. İstəyim odur ki, Azərbaycanda da cüdo turnirlərinə insanlar Fransadakı kimi gəlsinlər. Əgər mən yenidən Olimpiya çempionu olsam, tarixə düşəcəyəm. Çünki Azərbaycanda ikiqat Olimpiya çempionu yoxdur. Mən cüdodakı dəyişikliklərdən sonra qat-qat aktiv oldum. Yenidən uğur qazanmaq çox çətindir, ancaq gözəllik çətinlikdədir.

- Y. A. Şübhəsiz ki, Olimpiya Oyunlarında kimin qalib gələcəyini demək qeyri-mümkündür. Bu gözəl hadisədir. Ancaq sizin bir az da bəxtiniz gətirməlidir.