11:49 09-05-2012
news_image
1016
DİGƏR NÖVLƏR

Velotura Bakıda start verildi

Bu gün “Azadlıq” meydanında 23 yaşadək velosipedçilər arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan veloturun açılışı olub. Apasport.az saytının məlumatına görə, Azərbaycanda ilk dəfə təşkil edilən 5 mərhələlik yarışa Bakıda start verilib. 30 kilometrlik ilk mərhələyə əvvəl qadınlar başlayıb.

Mayın 13-dək davam edəcək velotur komanda yarışı ilə başlayır və ardınca peloton Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək. Orada növbəti 3 mərhələ keçiriləcək. Veloturun ən şimal nöqtəsi olan Şəkiyə çatdıqdan sonra yarış iştirakçıları Bakıya qayıdacaq.

Yarış marşrutu çoxsaylı beynəlxalq turların təşkilində böyük təcrübə toplamış, o cümlədən 2007-ci ildə UCİ-nin himayəsi altında keçirilmiş şose üzrə dünya çempionatının təşkilatçısı olan Albrext Roeder tərəfindən planlaşdırılıb.

Qeyd edək ki, velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ kontinental turudur. Azərbaycanda ilk dəfə keçiriləcək peşəkar velosiped idmanı yarışına hər biri 6 idmançıdan ibarət olan və dünyanın ən müxtəlif ölkələrini təmsil edən komandalar qatılıb.