14:51 15-05-2012
news_image
1042
DÖYÜŞ NÖVLƏRİ

Qoqi Koquaşvili: Azərbaycan Dünya Kubokunu qazana bilər

Yunan-Roma güləşi üzrə Rusiya milli komandasının baş məşqçisi Qoqi Koquaşvili Saranskda keçiriləcək Dünya Kuboku ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, gürcü əsilli mütəxəssis öncə yarışa optimal heyət çıxarmamağına münasibət bildirib.

Dünya Kubokunda Rusiya, Türkiyə, İran, Belarus, Qazaxıstan, Bolqarıstan, Azərbaycan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri mübarizə aparacaqlar.

Koquaşvilinin sözlərinə görə, yarışda Afina-2004-ün qalibi Həsən Baroyev (120 kq), dünya və Avropa çempionu Roman Vlasov (74 kq) və bu yaxınlarda başa çatan Rusiya çempionatın 4 qalibi iştirak etməsə belə bu, onlara çətinlik törətməyəcək: “Bizim komanda hər bir turnirdə heyətdən asılı olmayaraq, yalnız qələbəyə köklənir. Xüsusilə də yunan-Roma güləşi üzrə Dünya Kuboku ilk dəfə Rusiyada keçirildiyi üçün. Saranskda komandanın qarşısında yalnız bir məqsəd qoyulub ki, bu da çempion olmaqdır”.

Koquaşvili əsas rəqiblərinin də adını açıqlayıb və bununla belə bütün yığmaların şansını bərabər sayıb: “Əsas rəqibimiz İran milli komandasıdır. Onlar Olimpiya Oyunlarında da bir nömrəli rəqibimiz hesab olunurlar və bizim kimi 7 çəki dərəcəsinin 6-da güləşəcəklər. Bu yarışda isə hər bir yığma da kuboku qazana bilər”.

Qeyd edək ki, yarışın proqramına əsasən, mayın 18-də püşkatma keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, komandalar 2 yarımqrupda qüvvələrini sınayacaqlar. Yarımqrupun liderləri finalda, qrup ikinciləri isə bürünc medallar uğurunda görüşəcək.