15:51 16-05-2012
news_image
866
DİGƏR NÖVLƏR

Adnan Əliyev Olimpiadaya yollanmaq şansını itirdi

Bu gün Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürüb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycanı kanoe növündə təmsil edən Adnan Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Əliyev 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılıb. 29 yaşlı kanoeçimiz seçmə yürüşdə bu məsafəni 4 dəqiqə 11,489 saniyəyə qət edərək, 6-cı olub. O, birbaşa finala adlaya bilməsə də, yarımfinalda da mübarizə aparıb. Bu dəfə isə Əliyev finişə 4 dəqiqə 14,416 saniyəyə çatıb. Finala ilk 3 yeri tutanlar yüksəliblər. Kanoeçimiz isə 5-ci olduğundan, həlledici yürüşdən kənarda qalıb.

London olimpiadasına lisenziya qazanmaq üçün ilk 2 yerdən birini tutmaq lazımdır. Bu vəsiqələr uğrunda 9 finalçı – Sebastian Brendel (Almaniya), Pavel Rusu (Moldova), İosif Kirila (Rumıniya), Matey Rusnak (Slovakiya), Deyan Georgiyev (Bolqarıstan), Pyotr Kuleta (Polşa), Qatis Pranks (Latviya), Vladimir Trotsyuk (Ukrayna) və Andreas Kiliqkaridis (Yunanıstan) mayın 17-də mübarizə aparacaq.

Beləliklə, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı kanoe növündə Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin təmsil edəcəyi dəqiqləşib. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Bezuqlıy – Prokopenko cütlüyü isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşlərə qatılacaqlar.