17:26 18-05-2012
news_image
1211
DİGƏR NÖVLƏR

ARDNŞ, AzAL və “Azercell”dən “Bakı-2020”yə dəstək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “Azərbaycan Hava Yolları” QSC (“AzAL”) və “Azercell” şirkətinin rəhbərləri “Bakı-2020” layihəsini dəstəklədiklərini elan ediblər.

Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, ARDNŞ prezidenti R. Abdullayev bildirib ki, Dövlət Neft Şirkəti ölkənin enerji resurslarından əldə olunan gəlirlərin xalqın rifahı və dövlətin inkişafına yönələn hökumət strategiyasını həyata keçirən aparıcı qüvvədir: “Azərbaycan hökuməti ölkəni dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaq üçün bir çox işlər görür. Bakının 2020 Olimpiya Oyunlarına namizədliyi isə bizə bu inkişaf prosesini sürətləndirmək, Azərbaycanı dünyanın idman və turizm mərkəzlərindən birinə çevirmək, ölkəmizdə sağlam həyat tərzini inkişaf etdirmək üçün gözəl imkan yaradır”.

“AzAL” QSC-nin prezidenti Cahangir Əsgərov deyib ki, Bakının 2020 Olimpiya Oyunlarına iddiasına şirkət dəstək olmağa hazırdır: “Ümid edirik ki, Bakı dünyanın ən möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək və paytaxtımız dünyanın ən iri turizm və idman bölgələrindən birinə çevriləcək”.

“Azercell” MMC-nin prezidenti Əli Ağan da Bakının 2020 Olimpiya Oyunlarına iddiasını dəstəklədiyini qeyd edib: “Ümid edirik ki, Bakı-2020 layihəsi uğurlu olacaq və Bakı regionda ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək. “Azercell” şirkəti isə ölkənin ən iri mobil operatoru olmaqla Bakının Olimpiya iddiasını dəstəkləməyə həmişə hazırdır.”

Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva Azərbaycanını nüfuzlu şirkətlərinin Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına iddiasını dəstəkləmələrindən məmnun olduqlarını bildirib.