16:38 19-05-2012
news_image
775
DİGƏR NÖVLƏR

Poznanda ilk medal

Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsində Azərbaycan milli komandası ilk medalını qazanıb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2 nəfərlik kanoe qayığı (C-2) ilə çıxış edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metr məsafəyə əsas final (Final A) yürüşündə bürünc medala sahib olub.

Onlar finişə 3 dəqiqə 50,798 saniyəyə çataraq yalnız almaniyalı Peter Kretşmer – Kurt Kuşela (3:47.706) və Tomaş Vılençek – Ştefan Holts (3:47.750) duetlərindən geri qalıblar. Əvəzində kanoeçi cütlüyümüz 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olmuş belaruslu Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (3:51.594), eləcə də çinli Maoxinq Huanq – Li Kianq (3:54.262), kanadalı Pol Brayant – Rolan Varqa (3:56.490), ukraynalı Dmitri Yançuk – Aleksandr Sivkov (3:58.158), kubalı Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (4:00.490) və belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (4:19.114) duetlərini üstələyiblər.

Bezuqlıy – Prokopenko dueti olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə ilin ilk nüfuzlu yarışında mükafatçılar sırasına düşməklə, yüksək hazırlıq səviyyəsində olduğunu nümayiş etdirib. Duetimiz 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ötənilki dünya çempionatında bu məsafəni gümüş medalla başa vurmuş və məhz Vılençek – Holts duetindən geri qalmışdı. Amma Dünya Kubokundan fərqli olaraq, Avropa və dünya çempionatları, eləcə də olimpiadada hər ölkənin maksimum 1 qayıqla təmsil olunmasına icazə verilir. Bu isə o deməkdir ki, azərbaycanlı cütlük qarşıdakı olimpiadada ən azı gümüş medala iddia edə bilər.

Bezuqlıy – Prokopenko dueti 500 metr məsafəyə yürüşdə də finalda yüksəlib. Sabah Bakı vaxtı ilə 16:49-da başlanacaq həlledici yürüşdə onların rəqibləri Dmitri Rabçanka – Aleksandr Vavçetski (Belarus), Vadim Menkov – Merey Medetov (Özbəkistan), Pol Brayant – Rolan Varqa (Kanada), Serik Mirbekov – Gerasim Koçnev (Özbəkistan), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Daniel Poşpiex – Yakub Sitkovski (Polşa) və Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba) olacaq.

Cəmi 20 yaşa malik Andrey Kraytor da bu məsafədə finala çıxıb. Sabah saat 16:20-də başlanacaq həlledici yürüşdə Kraytorun rəqibləri seçmə yürüşdə qabaqladığı 5 qat dünya çempionu Denis Xaraja (Belarus), eləcə də Naoyo Sakamoto (Yaponiya), Santos Nivalter (Braziliya), Vinsent Şlominski (Polşa), Martin Fuksa (Çexiya), Dilşod Yuldaşov (Özbəkistan), Andreas Kiliqkaridis (Yunanıstan) və Qatis Pranks (Latviya) olacaq.

Dünya Kubokunun I mərhələsində kanoeçilərimizdən yalnız Adnan Əliyev uğurlu ola bilməyib. 29 yaşlı kanoeçimiz yarımfinalda 7-ci yeri tutaraq, mübarizəni dayandırıb. Lakin onu mayın 20-də saat 17:15-də 5000 metr məsafəyə yürüş gözləyir. Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko duetləri isə mayın 19-da 200 metr məsafəyə seçmə yürüşlərə də qatılacaqlar. Kraytor saat 18:05-də, Bezuqlıy – Prokopenko cütlüyü isə saat 19:35-də start xəttinə çıxacaqlar.