10:04 21-05-2012
news_image
737
DİGƏR NÖVLƏR

Yekun Olimpiya Təsnifat Reqatasına uğurlu start

Mayın 20-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatası (Final Olympic Qualification Regatta) start götürüb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətidən apasport.az saytına verilən məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycanı 2 kişi, 2 qadın avarçəkən təmsil edir.

Kişilərin mübarizəsində 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizəyə başlayan Aleksandr Aleksandrov – Boris Yotov dueti seçmə yürüşdə finişə birinci çatıb. Onlar 2000 metr məsafəni 6 dəqiqə 23,16 saniyəyə qət ediblər. Duetimiz sonrakı 2 pilləni tutan ukraynalı Dmitri Mixay – Artyom Morozov (6:23.21) və polşalı Viktor Çabel – Pyotr Liçnerski (6:24.83) cütlükləri ilə birbaşa yarımfinala adlayıb. Seçmə yürüşdə 4-cü olan israilli Oleq Qonorovski – Dani Fridman (6:40.72) dueti isə bu gün Bakı vaxtı ilə saat 20:28-də təsəlli yürüşündə çıxış edəcək. Yarımfinal yürüşləri isə mayın 22-də olacaq.

Qadınlara gəldikdə, 2 nəfərlik təkavarlı qayıqda (W2-) yer alan Viktoriya Nençeva – İskra Angelova dueti seçmə yürüşü 4-cü yerdə başa vurub. Onlar 2000 metr məsafəni 7 dəqiqə 31,20 saniyəyə qət ediblər. İlk 2 pilləni tutan almaniyalı Kerstin Hartmann – Marlen Sinniq (7:17.96) və argentinalı Maria Laura Abalo – Qabriela Best (7:21.48) duetləri birbaşa mayın 22-də saat 21:00-da başlayanacaq əsas finala yüksəliblər. Təmsilçilərimiz 3-cü yeri tutan belaruslu Yuliya Bıçik – Natalya Gelax (7:27.57) və üstələdikləri hollandiyalı Vianka van Dorp – Olivia van Royyen (7:34.03), eləcə də digər yarımqrupda müvafiq olaraq, 3-4-cü yerləri tutmuş kanadalı Natali Mastraççi – Larissa Laqzdinqs (7:14.24) və ukraynalı Anastasiya Prodan – Alyona Yaşina (7:28.64) duetləri ilə birgə təsəlli yürüşündə çıxış edəcəklər. Bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq yürüşdə ilk 2 pilləni tutanlar da finala adlayacaqlar.

Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün hər iki duetimiz finalda ilk 2 pillədən birini tutmalıdır. Ötənilki dünya çempionatında Aleksandr Aleksandrov kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə olimpiya lisenziyasını təmin ediblər. İndi Aleksandrov 16 yaşlı Yotovla birlikdə də Londona vəsiqə əldə etməyə yaxındır.