10:16 21-05-2012
news_image
803
DİGƏR NÖVLƏR

Dünya Kubokunda 1 qızıl, 1 gümüş, 3 bürünc medal

Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsində Azərbaycan milli komandası böyük uğura imza atıb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən 4 kanoeçidən 3-ü üst-üstə 1 qızıl, 1 gümüş, 3 bürünc medal əldə edib. İdmançılarımızdan Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 500 metrlik yürüşdə gümüş, 200 metrlik və olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə bürünc medal qazanıb.

1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşlərə 37 kanoeçi qatılıb. Kraytor seçmə və yarımfinal yürüşlərində birinci olduqdan sonra əsas finalda (Final A) da hamını qabaqlayıb. Finişə 42,097 saniyəyə çatan 20 yaşlı kanoeçimiz rusiyalı dünya və Avropa çempionu İvan Ştıl (42,365), ukraynalı dünya çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Yuri Çeban (42,669), braziliyalı Nivalter Santos (42,769), rusiyalı son olimpiya çempionu Maksim Opalev (42,905), litvalı Yevgeni Myasnyankin (43,397), qazaxıstanlı Aleksandr Dyadçuk (43,573), kanadalı Ceyson Makkumbs (43,929) və qazaxıstanlı Mixail Yemelyanovu (44,725) üstələyib. Kraytor böyüklər arasında nüfuzlu yarışlarda ilk dəfə əldə etdiyi bu qələbə ilə Azərbaycanın 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşlərdə ən güclü olduğunu bir daha nümayiş etdirib. Ötənilki dünya çempionatında məhz C-1 kateqoriyalı qayıqla qızıl medalı ölkəmizin digər təmsilçisi Valentin Demyanenko əldə etmişdi.

500 metrlik yürüşdə isə Kraytor finişə 2 dəqiqə 9,316 saniyəyə çatıb. O, seçmə yürüşdə 4,556 saniyə qabaqladığı belaruslu 5 qat dünya çempionu Denis Xaraja (2:07.336) və braziliyalı Nivalter Santosdan (2:08.876) geri qalsa da, çexiyalı Martin Fuksa (2:09.820), polşalı Vinsent Şlominski (2:10.032), yunanıstanlı Andreas Kiliqkaridis (2:13.848), latviyalı Qatis Pranks (2:16.364), özbəkistanlı Dilşod Yuldaşov (2:21.692) və yaponiyalı Naoyo Sakamotonu (2:24.432) qabaqlayıb.

Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 500 metrlik final yürüşündə finişə 1 dəqiqə 47,491 saniyəyə çatıb. Onlar yalnız belaruslu Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (1:47.023) duetindən geri qalıblar. Əvəzində kanoeçi cütlüyümüz belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (1:47.695), özbəkistanlı Vadim Menkov – Merey Medetov (1:48.667), polşalı Daniel Poşpiex – Yakub Sitkovski (1:51.291), kanadalı Pol Brayant – Rolan Varqa (1:52.255), özbəkistanlı Serik Mirbekov – Gerasim Koçnev (1:52.431), kubalı Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (1:53.275) duetlərini üstələyib. Qazaxıstanlı Sergey Yemelyanov – Timofey Yemelyanov cütlüyü isə həlledici yürüşə qatılmayıb.

Bezuqlıy – Prokopenko dueti 200 metr məsafəyə yürüşdə isə finişə 40,072 saniyəyə çatıb. Onlar belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (39,432) və braziliyalı Erlon Souza – Ronilson Oliveyra (39,968) duetlərindən geri qalıblar. Əvəzində azərbaycanlı cütlük çilili Alvaro Torres – Conatan Tafra (41,388), polşalı Daniel Poşpiç – Mariuş Ruçinski (41,516), özbəkistanlı Serik Mirbekov – Gerasim Koçnev (41,852), polşalı Adam Novak – Mixal Lyubnyevski (41,944), latviyalı Qatis Pranks – Anton Knesis (42,288) və qazaxıstanlı Timofey Yemelyanov – Sergey Yemelyanov (42,444) duetlərini geridə qoyub.

Dünya Kubokunun I mərhələsində kanoeçilərimizdən yalnız Adnan Əliyev uğurlu ola bilməyib. 29 yaşlı kanoeçimiz yarımfinalda 7-ci yeri tutaraq, mübarizəni dayandırıb. O, 5000 metr məsafəyə yürüşdə də mükafatçılar sırasına düşə bilməyib.