13:26 21-05-2012
news_image
867
DİGƏR NÖVLƏR

Azad Rəhimov: Olimpiadanın səmərəli və məsuliyyətli təşkili nümunəsini görsətmək istəyirik

“Bakı-2020”nin yüksək səviyyəli nümayəndə heyəti mayın 23-də Kanadanın Kvebek şəhərində dünya idman ictimaiyyəti və digər rəsmilərin iştirakı ilə keçiriləcək SportAccord beynəlxalq idman toplantısına yola düşüb. Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, tədbirdə Beynəlxalq Olimpiya Komitəsi 2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə hansı şəhərlərin rəsmi namizəd seçilməsini elan edəcək.

Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə baş nazirin birinci müavini, “Bakı-2020” Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və “Bakı-2020” Təşkilat Komitəsinin icraçı-direktoru Könül Nurullayeva daxildir.

Kanadaya səfər ərəfəsində gənclər və idman naziri Rəhimov 2020 Olimpiya Oyunlarına ev sahibliyi üçün rəsmi namizəd şəhər statusunu alacaqlarına çox böyük ümid etdiklərini bildirib: “Biz Beynəlxalq Olimpiya Komitəsinə güclü və layiqli namizəd olduğumuzu göstərən və peşəkar səviyyədə hazırlanan sifariş kitabını təqdim etmişik. Bu kitabda Olimpiya Oyunlarının çevik, innovativ və kompakt təşkili planı əks olunub. Biz öz namizədliyimizlə Olimpiya Oyunlarının idmana, əhalinin sağlam həyat tərzinin və yaşayış keyfiyyətinin inkişafına yönəlmiş ciddi sərmayə olacağını və həmçinin, gələcəkdə Oyunların səmərəli və məsuliyyətli təşkili nümunəsini görsətmək istəyirik”.

Nazirin sözlərinə görə, Azərbaycan Olimpiya Hərəkatına sırf idman tələbatına əsaslanan oyunların təşkili modelini təklif edir: “Bu o deməkdir ki, bizim sifariş kitabımızda əks olunan olimpiya infrastrukturuna əsasən bütün idman müəssisələri Olimpiya Oyunlarından sonra da həm ölkəmizin, həm də, regionumuzun idmançılarının istifadəsində olacaq. Bizim təklif etdiyimiz model əslində Olimpiya Oyunlarına gələcək ev sahibləri üçün real və səmərəli investisiya nümunəsidir.

Təşkilat Komitəsinin icraçı-direktoru Könül Nurullayeva isə paytaxtımızın üstünlüyündən danışıb: “Bakı idman üçün ideal iqlim şəraitinə, gözəl dənizkənarı buxtaya və zəngin tarixə malikdir. Hazırda bir sıra ölkələrin ciddi maliyyə böhranı ilə üzləşməsinə baxmayaraq, Azərbaycan dünyada ən stabil və sürətlə inkişaf edən iqtisadiyyata malikdir. “Bakı-2020” namizədliyinin müsbət cəhətlərini görməmək mümkün deyil. Oyunlardan sonra Azərbaycana qalacaq idman mirası bir neçə nəsil idmançıların inkişafına böyük təkan verəcək. Bizim Olimpiya Oyunlarına iddiamız Azərbaycanda hamı tərəfindən dəstəklənir və Kvebekdə toplanan beynəlxalq idman ictimiyyətinə xalqımızın ümid və arzularını çatdıracaq. Ümid edirik ki, son 7 ay ərzində bu məqsədlə gördüyümüz işlərin nəticəsi müsbət olacaq və 2020 Oyunlarına ev sahibliyi mübarizəsində Bakı növbəti mərhələyə keçəcək”.

Qeyd edək ki, Kvebekdə mayın 23-də yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 24 may saat 03:30) “short list”ə düşəcək şəhərlərin adları açıqlanacaq. Olimpiada-2020-ni keçirməyə isə Bakı ilə yanaşı, Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) iddia edirlər.