17:53 21-05-2012
news_image
932
DİGƏR NÖVLƏR

İCF: Azərbaycan tükənməyən sərvətlərə malikdir

Azərbaycanın cəmi 20 yaşlı kanoeçisi Andrey Kraytor Polşanın Poznan şəhərində başa çatan Dünya Kubokunun I mərhələsində inanılmaz uğura imza atdı. Apasport.az saytının məlumatına görə, idmançımız 1 nəfərlik qayıqla (C-1) olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə 37 idmançı arasında 1-ci yeri tutdu. Əsas finalda Kraytor rusiyalı 6 qat dünya çempionu İvan Ştıl, ukraynalı dünya çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Yuri Çeban, hətta son olimpiya çempionu, daha bir rusiyalı Maksim Opalevi geridə qoydu.

Andrey Kraytor 2009-cu ildən nüfuzlu beynəlxalq yarışlarda çıxış etməyə başlayıb. Kanoeçimiz həmin il Rusiyanın paytaxtı Moskvada keçirilmiş yeniyetmələr və 23 yaşlılar arasında dünya çempionatında Azərbaycana Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. Bu, ölkəmizin avarçəkmə növləri üzrə ilk olimpiya lisenziyası olub. 2011-ci ildə isə Kraytor 23 yaşlılar arasında 200 metr məsafəyə yürüşdə Avropa çempionu olub. O, ötən il həm də böyüklərdən ibarət yığmamıza cəlb olunub. Kanoeçimiz Dünya Kubokunun mərhələ yarışlarında mükafatçılar sırasına düşə bilməsə də, Valentin Demyanenko, Sergey Bezuqlıy və Maksim Prokopenko ilə birgə 4 nəfərlik estafet yürüşündə Avropa və dünya çempionatlarında gümüş medala yiyələnib. Bu il isə Kraytor böyüklər arasında fərdi yarışlarda ilk böyük nailiyyətini əldə edib.

20 yaşlı kanoeçimizin bu uğuruna Beynəlxalq Kanoe Federasiyası (İCF) da biganə qalmayıb. İCF-in rəsmi saytı Kraytorun uğurunu belə dəyərləndirib: “Faktiki olaraq tanınmayan Kraytor rusiyalı İvan Ştıl kimi məşhur kanoeçiləri öz performansı ilə şoka salmalıdır. Onun dünya çempionu olmuş həmyerlisi Valentin Demyanenko Poznanda deyildi. Lakin belə görünür ki, Azərbaycan tükənməyən sərvətlərə malikdir. Söhbət təkcə neftdən deyil, kanoedə 200 metrlik yürüşdən də gedir”.

Kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsində Azərbaycan yığması 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb. Andrey Kraytor 200 metrlik yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 500 metrlik yürüşdə gümüş, 200 metr və 1000 metr məsafələrə yürüşlərdə bürünc medal qazanıb. Bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında medal əyarında Belarus (5 qızıl, 1 gümüş, 1 bürünc), Almaniya (4 qızıl, 4 gümüş, 1 bürünc), Kanada (4 qızıl, 2 gümüş, 3 bürünc), Polşa (3 qızıl, 1 gümüş, 2 bürünc), Danimarka (2 qızıl, 1 bürünc) və İsveçdən (2 qızıl, 1 bürünc) sonra 7-ci, medal sayında Almaniya, Kanada (hərəyə 9 medal), Belarus (7 medal) və Polşadan (6 medal) sonra Rusiya ilə birgə 5-6-cı yerləri bölüşüb. Əvəzində kişi kanoeçilərin mübarizəsində Azərbaycan medal sayında qalib olub. 5 medal qazanan ölkəmiz Belarus (4 medal), Kanada, Almaniya və Ukrayna (hərəyə 3 medal), Braziliya (2 medal), Rusiya, Slovakiya, Özbəkistan və Polşanı (hərəyə 1 medal) geridə qoyub. Medal əyarında isə Azərbaycan Belarus (3 qızıl, 1 bürünc), Kanada (2 qızıl, 1 bürünc) və Almaniyadan (1 qızıl, 2 gümüş) sonra 4-cü yeri tutub.

Dünya Kubokunun I mərhələsinin yekunlarına əsasən, olimpiya məsafələrində yarışan kayak və kanoeçilərin reytinq siyahısı açıqlanıb. Kanoeçilərin mübarizəsində Andrey Kraytor kanadalı Mark Olderşou ilə birgə hərəyə 10 xalla 1-2-ci yerləri, Maksim Prokopenko və Sergey Bezuqlıy isə hərəyə 3,5 xalla 17-18-ci yerləri bölüşdürürlər.

Mənbə: amaf.az