10:07 22-05-2012
news_image
592
DİGƏR NÖVLƏR

“Vıstropova bütün döyüşlərdə inamlı təsir bağışladı”

“İnanırdıq ki, Lena Olimpiadaya vəsiqə qazanacaq. Ancaq bunun üçün 5 döyüşdə qalib gəlmək lazım idi. Bu, dünya çempionatı kimi yarışda çox çətin olur”. Apasport.az saytının məlumatına görə, bunu Çin Xalq Respublikasının Quançjao şəhərində keçirilən dünya çempionatında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Rizvan Gənciyev deyib.

O, Azərbaycan boksçusu Yelena Vıstropovanın (75 kq) mundialda gümüş medal qazanmasına və Olimpiya oyunlarına lisenziya qazanmasına münasibət bildirib. Gənciyev Boks Federasiyasının rəsmi saytına verdiyi açıqlamasında idmançımızın ümidləri doğrultduğunu deyib: “75 kq çəki dərəcəsində Avropa qitəsinə yalnız 3 lisenziya verirdilər. Buna baxmayaraq, boksçumuz ümidləri doğrultdu. İki il ərzində çəkdiyimiz əziyyət, təlim-məşq toplanışları, ağır məşqlər hədər getmədi. Vıstropova bütün döyüşlərdə inamlı təsir bağışladı. Yarışda 2 dünya çempionunu məğlub etdi”.

Onun sözlərinə görə, bütün mütəxəssislər boksçumuzun çıxışını yüksək qiymətləndiriblər: “Hətta İngiltərə milli komandasının baş məşqçisi Olimpiya oyunları öncəsində onlarla məşq etməyimiz üçün bizi Londona dəvət etdi. Biz də bu təklifi müsbət cavabladıq. Bizə hər cür dəstək göstərdiyinə görə, federasiya prezidenti Kəmaləddin Heydərova təşəkkür edirik. Bildiyiniz kimi Azərbaycanda qadın boksu yeni-yeni inkişaf edir. Ona görə də biz bütün təlim-məşq toplanışlarımızı, yarışlarımızı ölkə xaricində keçməli olduq. Federasiya prezidenti Vıstropovanın lisenziya qazanması münasibəti ilə bizi təbrik etdi. O, ilk dəfə Azərbaycanın qadın boksunda Olimpiadada təmsil olunduğu üçün çox sevincli idi”.

Gənciyev bildirib ki, Lenanın Londonda qızıl medal qazanacağına inam böyükdür: “Əslində o dünya çempionatının finalında da ingiltərəli rəqibindən üstün idi. Sadəcə İngiltərə boksçusu qalib gəlsəydi, rusiyalı Nadejda Torlopova Olimpiadaya lisenziya qazanacaqdı. Amma biz hamımız Lenanı çempion hesab edirik. Bəlkə də gümüş medal almağı yaxşı oldu. İndi onun Olimpiadada qızıl əldə etmək üçün stimulu olacaq”.