15:44 23-05-2012
news_image
1156
DİGƏR NÖVLƏR

Növbəti olimpiya lisenziyasının bir addımlığında! - FOTO

İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatasında Azərbaycan təmsilçiləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet finala yüksəlib. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşün yarımfinalında cütlüyümüz finişə 6 dəqiqə 21,03 saniyəyə çatıb.

ABŞ təmsilçisi Samuel Stitt – Uorren Anderson dueti də bu məsafəni eyni müddətə qət edib. Lakin fotofinişin görüntülərinə əsasən, Aleksandrov – Yotov cütlüyünün finiş xəttini birinci keçdiyi müəyyənləşib. Bu iki duetlə yanaşı, 6 dəqiqə 22,26 saniyə nəticə ilə 3-cü yeri tutan çinli Riokian Yin – Vey Kanq, həmçinin digər yarımfinalda ilk “3-lüy”ə düşən italiyalı Alessio Sartori – Romano Battisti (6:20.12), latviyalı Lauris Sire – Dairis Adamatis (6:21.63) və ukraynalı Dmitri Mixay – Artyom Morozov (6:24.38) cütlükləri də həlledici yürüşdə iştirak hüququna yiyələnib. Final yürüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Yekun Olimpiya Təsnifat Reqatasında Azərbaycanın qadınlardan ibarət İskra Angelova – Viktoriya Nençeva dueti isə finala yüksələ bilməyib. 2 nəfərlik təkavarlı qayıqla (W2-) mübarizə aparan cütlüyümüz təsəlli yürüşündə 2000 metr məsafəni 7 dəqiqə 16,50 saniyəyə qət edib. Bu nəticə ilə onlar finişə 4-cü çatıblar. Finala isə ilk 2 yeri tutmuş kanadalı Natali Mastraççi – Larissa Laqzdins (7:08.74) və belaruslu Yuliya Bıçik – Natalya Gelax (7:10.85) duetləri yüksəliblər.

Qeyd edək ki, Aleksandr Aleksandrov – Boris Yotov dueti finalda ilk 2 yerdən birini tutarsa, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Aleksandrov hələ ötənilki dünya çempionatında 1 nəfərlik qayıqla (M1X) yürüşdə olimpiya vəsiqəsini əldə edib. İndi isə o, 16 yaşlı Boris Yotovla birgə bu hüquqa yiyələnməyə çox yaxındır.