14:32 24-05-2012
news_image
1021
DİGƏR NÖVLƏR

53-cü lisenziyası üçün 0,53 saniyə çatmadı

İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatasına yekun vurulub. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycanı təmsil edən Aleksandr Aleksandrov – Boris Yotov dueti finalda 3-cü yeri tutub. 2 nəfərlik qayıqla (M2X) mübarizə aparan cütlüyümüz 2000 metr məsafəni 6 dəqiqə 27,99 saniyəyə qət edib.

Bununla da Aleksandrov – Yotov dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. Bu vəsiqələrə ilk 2 pilləni tutan italiyalı Alessio Sartori – Romano Battisti (6:27.13) və ukraynalı Dmitri Mixay – Artyom Morozov (6:27.46) yiyələniblər.

Təəssüf ki, Azərbaycanlı duetin olimpiadaya yollanmasına cəmi 0,53 saniyəsi çatmayıb. Aleksandrov hələ ötənilki dünya çempionatında uğurlu çıxışı sayəsində 1 nəfərlik qayıqla (M1X) yürüşdə olimpiya lisenziyasını təmin etmişdi. O, Yotovla da birgə bu vəzifənin öhdəsindən gəlsəydi, Londonda 2 qayıqla mübarizə aparmalı olacaqdı.

Yekun Olimpiya Təsnifat Reqatasında qadınlar arasında 2 nəfərlik təkavarlı qayıqla (W2-) mübarizə aparan İskra Angelova – Viktoriya Nençeva dueti isə finala yüksələ bilməyib.

Qeyd edək ki, hələlik Azərbaycan milli komandasının aktivində 52 lisenziya var.