17:07 25-05-2012
news_image
901
DİGƏR NÖVLƏR

Nataliya Mustafayeva Dünya Kubokunun yarımfinalında

Bu gün İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürüb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, nüfuzlu yarışda Azərbaycanı Nataliya Mustafayeva təmsil edir.

O, mübarizəyə milli komandamızın baş məşqçisi Rudiger Hauffenin rəhbərliyi altında qatılıb. Qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) çıxış edən Mustafayeva 2000 metr məsafəni 7 dəqiqə 37,52 saniyəyə qət edib. O, ötənilki dünya çempionatının gümüş mükafatçısı, avstraliyalı Kim Krou (7:27.09) və son 2 dünya çempionatının bürünc mükafatçısı, yeni zelandiyalı Emma Tviqqdən (7:31.17) geri qalıb. Bununla belə, təmsilçimiz özündən irəli buraxdığı avarçəkənlərlə bərabər birbaşa mayın 26-da keçiriləcək yarımfinala yüksəlib. Növbəti mərhələdə o, ilk “3-lüy”ə düşəcəyi halda, əsas finala çıxacaq. Həlledici yürüş isə mayın 27-də Bakı vaxtı ilə saat 17:25-də olacaq.

Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Nataliya Mustafayeva daha öncə Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb.