23:10 27-05-2012
news_image
1033
DİGƏR NÖVLƏR

2 klubumuz avrokubokların yarımfinalında

Mayın 25-də klublar arasında otüstü hokkey üzrə müxtəlif səviyyəli avrokubok yarışlarına start verilib. Apasport.az saytının xəbərinə görə, bu gün yekunlaşacaq turnirlərdə 1 qadın, 2 kişi klubumuz mübarizə aparır. "Bakı" və "Atasport" Avropa Çempionlar Liqasının ikinci dəstəsi olan "Çelenç-2"-də, "Akkord" isə "Çelenç-3"-də mübarizəyə başlayıb.

"Atasport" kişi klubu oyunlarını Yunanıstanın paytaxtı Afinada keçirməli olub. B qrupunda yer alan təmsilçimiz startda Sloveniyanın "Lipovçi"sinə 2:3 hesabla uduzsa da, Danimarkanın "Salaqels" və Cəbəllütariqin "Qrammarians" klublarını müvafiq olaraq, 5:1 və 2:1 hesabıyla udaraq pley-off mərhələsində iştirak etmək hüququ qazanıb. "Atasport" bu gün yarımfinal matçına çıxacaq. Turnirin qalibi isə gələn mövsüm "Çelenç-1"-də oynayacaq.

"Çelenç-3"-də ölkəmizi təmsil edən digər kişi klubumuz "Akkord"a gəlincə, oyunlarını Slovakiyanın paytaxtı Bratislavada keçirən təmsilçimiz startda yerli "Senkviçe"ylə qarşılaşıb və qalib gəlib - 5:1. Ardınca Türkiyənin "Qaziantep Polisgücü" klubunu da böyük hesabla məğlubiyyətə uğradan (3:0) təmsilçimiz dünən B qrupunda Bolqarıstan "Lokomotiv"inə qarşı son oyununu keçirib. Bu qarşılaşmada 7:0 hesablı qələbə qazanan bakılılar yarımfinala vəsiqə qazanıb.

Avrokubokda yeganə qadın təmsilçimiz olan "Bakı" isə B qrupunda mayın 25-də ilk matçını Uels "Suonsi"sinə qarşı keçirib və 1:4 hesablı məğlubiyyətlə üzləşib. Bunun acığını komandamız Bolqarıstanın HSA klubuna qarşı keçirdiyi ikinci görüşdə çıxıb - 7:0. Qadın hokkeyçilərimiz qrupda son matçını dünən Avstriyanın paytaxtı Vyanada meydan sahibi "Arminen"ə qarşı keçirməliydi. Bu yarışda isə yalnız qrup qalibi finala vəsiqə qazanır.