23:04 29-05-2012
news_image
2413
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədlidən geri qalmadı

Beynəlxalq Cüdo Federasiyası (İJF) Rusiyanın paytaxtı Moskvada yenicə başa çatan “Böyük Dəbilqə”nin yekunlarına əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı London-2012-də yığmamızın heyətində yer alacağı gözlənilən cüdoçulamız üçün sərfəli olub.

Belə ki, “Böyük Dəbilqə”də bürünc medal qazanan İlqar Müşkiyev (60 kq) ötən reytinq cədvəlində olduğu kimi bu dəfə də 3 pillə irəliləyib. Bu isə onun Olimpaiada öncəsi 3-cü yerə yüksəlməsi ilə nəticələnib. Müşkiyev bununla həm də Olimpiya çempionumuz Elnur Məmmədliyə (81 kq) də çatıb. Sonuncu Moskvada öz çəkisində deyil, 90 kq çəki dərəcəsində yarışdığı üçün yerində sayıb.

Mövqelərini yaxşılaşdıranlar arasında Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) da var. Əgər Elmar Rusiyada 5-ci olmaqla 3 pillə irəliləyibsə (27-ci yer), bu yarışa qatılmayan Kifayət rəqibinin geriləməsi səbəbindən 11-ci olub.

Məmmədli kimi, Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) da mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 10-cu və 15-cidir.

Ağayar Axundzadənin yetirmələrindən geriləyənlər isə Tərlan Kərimov (66 kq), Elxan Rəcəbli (81 kq) və London-2012-yə Avropa Cüdo İttifaqının seçimi ilə yollanacaq Rüstəm Orucovdur (73 kq). Onlardan ilk 2-si 2, sonuncu 1 rəqibini özündən irəli buraxıb. Nəticədə bu cüdoçular müvafiq olaraq, 17-ci, 34-cü və 31-ci yerdədir.

Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar. Yuxarıda adları olan cüdoçulardan yalnız 81 kq çəki dərəcəsində Məmmədli və Rəcəbli arasında seçim ediləcək. İJF isə London-2012-yə lisenziya qazanan idmançıların adını rəsmi olaraq bugünlərdə açıqlayacaq.