12:14 30-05-2012
news_image
1046
DÖYÜŞ NÖVLƏRİ

İran yığması Naxçıvana gəlir

İyunun 15-16-da Naxçıvan Olimpiya İdman Kompleksində Milli Qurtuluş Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında komandalararası “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan və Naxçıvan komandaları ilə yanaşı, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, İran, Türkiyə, Özbəkistan, Qazaxıstan güləşçilərinin iştirakı gözlənilir.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyası tərəfindən təşkil olunacaq yarışın keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasının ərazisində yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq, xarici ölkələrin idmançıları ilə dostluq əlaqələrini möhkəmləndirməkdir.

FİLA-nın mövcud qaydalarına əsasən keçiriləcək yarış komanda xarakteri daşıyır. Püşkə əsasən iştirakçı komandalar 2 yarımqrupa bölünəcəklər. Birdövrəlik qrup görüşlərindən sonra qaliblər finalda, ikinci yerin sahibləri isə bürünc medal ugrunda görüşdə üz-üzə gələcəklər.

Qrup görüşləri iyunun 15-i, səhər saat 10:00-da start götürəcək. Turnirin təntənəli açılış mərasimi iyunun 15-i, saat 17:00-a təyin edilib. İyunun 16-da, saat 15:00-da isə medal görüşləri başlanacaq. Fəxri kürsüyə qalxacaq komandalar kubok, medal və pul mükafatı ilə təltif ediləcəklər.

Qeyd edək ki, “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnirin gələcəkdə status qazanıb rəsmi təqvimə daxil olması məqsədilə Təşkilat Komitəsi tərəfindən FİLA-ya (Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası) müraciət olunacaq.