15:27 04-06-2012
news_image
1023
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızın üzvü “3-lük”dən kənar qaldı

Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda London-2012-də yığmamızın heyətində yer alacağı gözlənilən cüdoçulamızın əksəriyyəti mövqelərini qoruyublar.

Ağayar Axundzadənin yetirmələrindən Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) əvvəlki kimi müvafiq olaraq, 17-ci, 3-cü, 10-cu, 27-ci, 11-ci və 15-ci pillədədirlər.

Moskvada keçirilən “Böyük Dəbilqə”dən sonra 3-cü yerə yüksələn İlqar Müşkiyev (60 kq) bu dəfə geriləyib. O, 1 rəqibini özündən irəli buraxıb və son siyahıda 4-cü yerə enib. Müşkiyev kimi Rüstəm Orucov (73 kq) da aşağı 1 pillə aşağı düşüb. Avropa Cüdo İttifaqının seçimi ilə Olimpiadaya yollanacaq idmançımız hazırda 31-cidir.

Bu 8 cüdoçudan fərqli, yığmamızın təcrübəli üzvlərindən sayılan və Məmmədlinin varlığında London-2012-yə yollanmaq şansı çox çətin olan Elxan Rəcəbli (81 kq) isə irəliləyib. O, yarışlara qatılmasa da, 3 rəqibin geriləməsi səbəbindən 31-ci pilləyə qalxıb.

Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar. Yuxarıda adları olan cüdoçulardan yalnız 81 kq çəki dərəcəsində Məmmədli və Rəcəbli arasında seçim ediləcək. İJF isə London-2012-yə lisenziya qazanan idmançıların adını rəsmi olaraq bugünlərdə açıqlayacaq.