17:19 11-06-2012
news_image
957
DİGƏR NÖVLƏR

İdmançımız Moskvadan əliboş qayıdır

Rusiya paytaxtında akademik avarçəkmə üzrə ənənəvi Böyük Moskva Reqatası keçirilib. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, sayca 51-ci dəfə təşkil olunmuş reqatada Azərbaycan da təmsil olunub.

1 nəfərlik qayıqla mübarizə aparan Aleksandr Qlotov yarımfinalda 2000 metr məsafəyə yürüşdə 7 dəqiqə 32,487 saniyə nəticə ilə 4-cü yeri tutub. Bu nəticə Qlotovun əsas finala vəsiqəsini əngəlləyib. 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında isə avarçəkənimiz finişə 7 dəqiqə 47,398 saniyəyə çatıb. O, ümumi sıralamada 9-cu yeri tutub.

2 nəfərlik yüngül çəkili qoşa avarlı qayıqla çıxış edən Fərid Saadov – Kamal Xanlarov dueti də mükafatçılar sırasına düşə bilməyib. Onlar yarımfinal yürüşündə 2000 metr məsafəni 7 dəqiqə 5,556 saniyəyə qət edərək, 4-cü yeri tutublar. Bu nəticə ilə duetimiz B finalında yarışıb. Saadov – Xanlarov cütlüyü bu dəfə finişə 7 dəqiqə 20,138 saniyəyə çataraq, yekunda 7-ci olub.

Qeyd edək ki, Böyük Moskva Reqatasında Azərbaycanla yanaşı, Belarus, Çin, Latviya, Litva, Macarıstan, Qazaxıstan, Moldova, Özbəkistan, Ukrayna, Estoniya və Rusiyanın müxtəlif bölgələrindən ümumilikdə 550-dək akademik avarçəkən mübarizə aparıb.