12:10 12-06-2012
news_image

2-si gerilədi, 7-si mövqeyini qorudu

Bu gün Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Rio-de-Janeyroda keçirilən “Böyük Dəbilqə”nin yekunlarına əsasən müəyyənləşən siyahı London-2012-də yığmamızın heyətində yer alacağı gözlənilən cüdoçulamız üçün elə də uğurlu olmayıb.

Yarışa qatılmayan millimizin üzvlərindən irəliləyən olmayıb. Əksinə, rəqiblərinin “Böyük Dəbilqə”də uğurlu çıxışı İlqar Müşkiyevlə (60 kq) Ramilə Yusubovanın (63 kq) geriləməsi ilə nəticələnib. Onlardan birincisi 2, digəri 1 pillə aşağı düşüblər və müvafiq olaraq, 6-cı və 16-cı yerlərdə qərarlaşıblar.

Bu cüdoçularımızdan fərqli, Ağayar Axundzadənin digər yetirmələri mövqelərini qoruyublar. Yenə Tərlan Kərimov (66 kq) 17-ci, Rüstəm Orucov (73 kq) 31-ci, Elnur Məmmədli 3-cü, Elxan Rəcəbli (hər ikisi 81 kq) 31-ci, Elxan Məmmədov (90 kq) 10-cu, Elmar Qasımov (100 kq) 27-ci və Kifayət Qasımova (57 kq) 11-cidir.

Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar. Yuxarıda adları olan cüdoçulardan yalnız 81 kq çəki dərəcəsində Məmmədli və Rəcəbli arasında seçim ediləcək. İJF isə London-2012-yə lisenziya qazanan idmançıların adını rəsmi olaraq bugünlərdə açıqlayacaq.