00:26 18-06-2012
news_image
1132
DİGƏR NÖVLƏR

Olimpiyaçımız 5-ci yeri tutdu

Almaniyanın Münhen şəhərində keçirilən Dünya Kubokunun III mərhələsində Azərbaycan akademik avarçəkəni Nataliya Mustafayeva 5-ci yeri tutub. Apasport.az saytının xəbərinə görə, 27 yaşlı təmsilçimiz finalda 2000 metr məsafəni 8 dəqiqə 9,03 saniyəyə qət edib.

O, yalnız irlandiyalı Sanita Puspureni (8:14.05) qabaqlaya bilib. Qızıl medala belaruslu 2 qat olimpiya və 6 qat dünya çempionu Yekaterina Karsten layiq görülüb. 40 yaşlı əfsanəvi avarçəkən finişə 7 dəqiqə 52,74 saniyəyə çatıb. Gümüş medala son iki dünya çempionatının bürünc mükafatçısı Emma Tviqq sahib olub. Yeni Zelandiya təmsilçisi 7 dəqiqə 56,22 saniyə nəticə göstərib. 23 yaşadək akademik avarçəkənlər arasında ikiqat dünya çempionu, litvalı Donata Vistartayte finişə 7 dəqiqə 58,60 saniyə nəticə ilə 3-cü çatıb. 2012-ci il London Yay Olimpiya Oyunlarına yenicə lisenziya qazanmış danimarkalı Fie Udbi Eriksen isə 8 dəqiqə 2,80 saniyə göstərici ilə 4-cü olub.

Qeyd edək ki, London olimpiadasında ölkəmizi təmsil edəcək Nataliya Mustafayeva Dünya Kubokunun yalnız I mərhələsində medal qazana bilib. O, 4 – 6 mayda Serbiyanın paytaxtı Belqradda bürünc medala yiyələnib. Mustafayeva sonrakı 2 mərhələdə finala çıxsa da, müvafiq olaraq, 4-cü və 5-ci yerlərlə kifayətlənib. Amma hər üç mərhələdə finaladək irəliləməsi akademik avarçəkənimizin sabit çıxışından xəbər verir. Mustafayeva olimpiadada da görüşəcəyi rəqiblərlə başabaş mübarizə aparmaqla Londonda mükafatçılar sırasına düşməyə layiq olduğunu nümayiş etdirib.

amaf.az