00:43 18-06-2012
news_image
1277
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Aronyanla xal bölüb, zirvəni əldən verdi

İyunun 8-də Moskvada startı verilən 7-ci Mixail Tal memorialı finişə çatmaq üzrədir. Apasport.az saytının xəbərinə görə, reytinqdə Azərbaycanın 1 nömrəlisi sayılan Teymur Rəcəbov (2784) da daxil olmaqla 10 şahmatçının iştirakı ilə keçirilən və mükafat fondu 100 min avro təşkil edən turnirdə dünən 8-ci turun görüşləri baş tutub.

Bundan öncəki turda italiyalı qrossmesyter Fabiano Karuana (2770) ilə sülh bağlayaraq, liderlər qrupundakı mövqeyini qoruyan Teymur hesabat turunda prinsipial görüş keçirib. Rəqib erməni şahmatçı, FİDE-nin reytinq cədvəlində 2-ci yerdə qərar tutan Levon Aronyan (2825) olub. Görüş nəticə baxımından hər iki şahmatçı üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, Teymur qalib gələrək, liderlər qrupundakı mövqeyini qorumaq, erməni şahmatçı isə autsayderlər qrupundan uzaqlaşmaq niyyətindəydi. Ancaq Teymurun ağ fiqurlarla oynadığı bu görüş xal bölgüsüylə başa çatıb.

Turda baş tutan digər görüşlərə gəlincə, Fabiano Karuana (İtaliya, 2770) Vladimir Kramniki (Rusiya, 2801), Lük Makşeyn (İngiltərə, 2706) Aleksandr Morozeviçi (2769), Aleksandr Qrişuk (2761) Xikaru Hakamuranı (ABŞ, 2775) məğlub edib. Maqnus Karlsenlə (2835) Yevgeni Tomaşevskinin (Rusiya, 2738) xal bölməsindən sonra Karuana vahid liderə çevrilib. 5 xallı italiyalını yarım xal geri qalan Rəcəbovla Karlsen izləyir.

Bu gün keçiriləcək 9-cu turla memoriala yekun vurulacaq. Son turda aşağıdakı görüşlər baş tutacaq: Aronyan - Karuana, Tomaşevski - Qrişuk, Rəcəbov - Hakamura, Makşeyn - Karlsen, Morozeviç - Kramnik.