10:51 19-06-2012
news_image
4046
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: 8 aylıq ailə həyatımda hər şey yaxşıdır - MÜSAHİBƏ

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Mixail Talın xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq turnirdən sonra məşhur chess-news.ru portalına müsahibə verib. Apasport.az-ın məlumatına görə, həmyerlimiz rusiyalı həmkarımızla söhbətində maraqlı məqamlara aydınlıq gətirib. Yarışı 3-cü yerdə başa vuran Teymur istirahətə ehtiyacının olmasını da bildirib.

- Vaxtilə şahmatda vunderkind sayılırdınız. Lakin artıq siz yetkin yaşa dolmuş şahmatçısız. Hazırda yeni nəsil gəlir. Sizdən kiçik olan Fabiano Karuananı misal göstərmək mümkündür. Belə olan halda özünüzü necə hiss edirsiz?
- Özümü yaxşı hiss edirəm. Cavan şahmatçılara gəldikdə isə bu normal haldır. Təbii ki, vaxt gedir, yeni istedadlar, yeni zəka sahibləri peyda olur və onlar yüksək səviyyədə yaxşı nəticələr göstərir. Fikrimcə, bu, normaldır. Yəqin ki, onların oyununun müsbət və mənfi cəhətləri haqda, və s. məsələlər barədə nəsə demək peşəkar cəhətdən düzgün deyil. Çünki hər hansı bir şahmatçılar haqda öz fikirlərim var.

- Əsasən şahmat deyil, həyat tərzini nəzərdə tuturam. Çünki deyirlər ki, bəziləri, məsələn, elə həmin Fabianonun sosial cəhətdən problemləri var. O, məktəbə getməyib, indi ona qeyri-şahmatçılarla ünsiyyət qurmaq çətindir. Sizin belə problemləriniz olmayıb ki? Sizdə həmişə hər şey yaxşı olub?
- O mənada deyirsiz ki, Karuana məktəbə getmədiyinə görə digərləri ilə az ünsiyyətdə olur? Məncə, belə yanaşma çox qəribədir. Çünki tarixdə məktəbə getməyən və ya axıra kimi oxumayan, lakin insanlarla çox gözəl ünsiyyət quran adamlar çoxdur.

- Yəni hesab edirsiz ki, bu problem deyil?
- Fikrimcə, peşəkar nöqteyi-nəzərdən bunun problem olmadığı dəqiqdir. Ardını bilmirəm.

- Turnir artıq başa çatıb. Bəlkə sirri açıb deyəsiz ki, bu yarışda sizə kim azarkeşlik edirdi? Sizin kifayət qədər böyük dəstək qrupunuz var...
- Bu yarışda yanımda həyat yoldaşım və atam olub. Atam məni həmişə şahmat yarışlarında müşayiət edirdi. Təbii ki, həyat yoldaşım isə biz ailə qurduqdan sonra mənimlə birgə yarışlara getməyə başlayıb. Hələlik bu oyunuma müsbət təsir göstərir. Lakin artıq mətbuat konfransında dediyim kimi başa düşmürəm, bunu nə qədər vaxt saymaq lazımdır. Çünki soruşurlar ki, ailə qurduqdan sonra siz necə oynayırsız, hansı vəziyyətdəsiniz, hansı hissləri keçirirsiniz? Lakin nə qədər vaxt keçməlidir? Bu müddət harada qurtarır? 8 ay ərzində hər şey yaxşıdır və hesab edirəm ki, bu məsələnin müzakirəsini dayandırmaq lazımdır. Yaxın insanların yanımda olmasının mənə kömək etməsi aydın məsələdir. Mən buna görə çox xoşbəxtəm. Çünki zalda, yaxud sadəcə yarışda yaxınlarım yanımda olanda oynamaq xoşdur. Bu, çox müsbət təsir göstərir.

- Yəni sizin üçün həyat yoldaşınızın, atanızın zalda olması vacibdir?
- Onların mənimlə birlikdə yarışlara getməsi çox xoşdur. Hətta oyundan sonra sadəcə oteldəki otağa qayıtmaq və ya birlikdə şam etmək əladır. Bundan özümü psixoloji cəhətdən yalnız yaxşı hiss edirəm.

- Matçdan sonra Vişvanatan Anand öz həyat yoldaşı Aruna haqda deyib ki, uduzanda ona çox çətin olur. Siz nəsə uğursuz alınanda, oyunu uda bilməyəndə, hətta məğlub olduqdan sonra nəyi etməmək istərdiniz? Lakin bu alınmır...
- Bilmirəm. Yəqin ki, uduzanda hamıya çətin olur. İlk növbədə şahmatçının özünə psixoloji cəhətdən xoş deyil. Çünki hər şeyə güc, enerji sərf etmək lazım gəlir. Əsəb sistemi gərginləşir və s... Uduzanda bütün bunlar hədər gedir. Çünki bu, həm şahmatçı, həm də azarkeşlər üçün çətindir. Burada mən əlbəttə ki, yaxın azarkeşləri nəzərdə tuturam – bu da ağır zərbədir. Çünki oyundan sonra kiminsə əhval-ruhiyyəsi yaxşı olmur, kimsə hansısa psixoloji problemlər yaşayır. Yəqin ki, mənim onları nisbətim asan qəbul etməyim, əslində əsəb sistemimin bir xüsusiyyətidir.

- Siz artıq iddiaçıların yarışlarında, matçlarında iştirak etmisiz və yaxında sizi növbəti matç gözləyir. Təqvimə necəsə düzəliş verib, hazırlığı buna uyğunlaşdıracaqsızmı? Yoxsa hər hansısa bir xüsusi, konkret hazırlıq gözlənilmir?
- Yəqin ki, yeni hazırlıq sistemi qurmağa çalışacaq. Lakin fikrimcə, hələ bu yalnız plandır. Çünki iddiaçıların turnirinə qədər vaxt hələ yetərincə çoxdur. Hələlik məhz iddiaçıların yarışı ilə bağlı hansısa xüsusi hazırlıqdan real danışmaq tezdir. Hələlik bu yarışdan sonra bir az istirahət edib, son oyunları, buradakı çıxışımı təhlil etmək lazımdır. Bundan sonra gələcək üçün nə etməyə baxmaq olar.