10:35 21-06-2012
news_image
1493
DÖYÜŞ NÖVLƏRİ

Erməninin kürəyini yerə vurub, çempion olduq

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, iyunun 20-də sərbəst güləş üzrə 55, 66, 84 və 120 kq çəki dərəcələrində ən güclülər müəyyənləşib. Çempionatın ikinci günündə güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib.

55 kq çəki dərəcəsində Qalib Əliyev inamlı qələbələrini final görüşündə də davam etdirib və Avropa çempionu adını qazanıb. Təmsilçimiz ardıcıl olaraq ukraynalı, bolqar və rus rəqibləri üzərində qələbə qazanaraq, finala yüksəlib. Finalda erməni güləşçisi ilə görüşdən də tam üstünlüklə (5:0) ayrılan Qalib Əliyev fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

120 kq çəkidə yığmamızı təmsil edən Əli Maqomedabirov macar, türk və ukraynalı rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda Rusiya təmsilçisi üzərində qələbə əldə edən güləşçimiz Avropa çempionu olub və yığmamıza növbəti qızıl medalı qazandırıb.

84 kq çəkidə mübarizə aparan Pərviz Axundov isə bürünc medal qazanıb. Həlledici görüşdə slovakiyalı güləşçidən üstün olan təmsilçimiz çempionatı 3-cü sırada tamamlayıb.

Ümumilikdə, 3 qızıl və 3 bürünc medal qazanan sərbəst güləş üzrə yığma komandamız 56 xalla komanda hesabında ikinci olub. İlk sırada Rusiya (67 xal), 3-cü yerdə Türkiyə (47 xal) qərarlaşıb.

Bu gün isə Avropa çempionatında gənc qız güləşçilər mübarizəyə qoşulacaq.