14:15 23-06-2012
news_image

Güləşçilərimiz Gürcüstanda 12 medal qazandı

Gürcüstanın Rustavi şəhərində Temo Kazaraşvilinin şərəfinə həsr olunmuş yunan-roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir başa çatıb. Apasport.az saytının xəbərinə görə, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanovun rəhbərliyi altında qonşu ölkəyə 15 pəhləvanımız yollanmışdı. Onlardan 12-si fəxri kürsünün müxtəlif pillələrində qərarlaşıb. Ümumilikdə 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanan yığmamız turniri uğurla başa vurub.

Qızıl medalları komandamıza bütün görüşlərini qələbə ilə başa vuran Elçin Məmmədov (46 kq), Seymur Əlizadə (50 kq), Murad Məmmədov (58 kq) və İslam Abbasov (76 kq) qazandırıb. Mikayıl Rəhmanov (46 kq), Şəmistan Quluzadə (69 kq) və Orxan Nuriyev (76 kq) yalnız finalda uduzaraq gümüş medal əldə edib.

Yığmamızın qazandığı bürünc medallar isə, Elnur Həsənov (50 kq), İrac Həsənzadə (54 kq), Ruhin Mikayılov (63 kq), Sadiq Bağırov (69 kq) və Elməddin Ramazanovun (76 kq) adına yazılıb.