13:47 25-06-2012
news_image
1334
DİGƏR NÖVLƏR

Valentin Demyanenko rekordunu yeniləyib

Azərbaycan kanoeçisi Valentin Demyanenko yeni rekorda imza atıb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 29 yaşlı idmançımız Xorvatiyanın paytaxtı Zaqrebdə başa çatan kayak və kanoe üzrə Avropa çempionatında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəni 38,752 saniyəyə qət edib. İndiyədək heç bir kanoeçi bu məsafədə finişə belə qısa müddət ərzində çata bilməyib. Həm də Demyanenko elə özünə məxsus – 2009-cu il dünya çempionatında göstərdiyi 39,048 saniyəlik rekordunu yeniləyib.

Ümumiyyətlə, kanoe növündə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş Yay Olimpiya Oyunlarının proqramına 2009-cu ildə salınıb. Elə həmin ildən Demyanenko Avropa və dünya çempionatlarında bu məsafədə iştirak etdiyi bütün yürüşlərdə qızıl medal qazanıb. O, yalnız 2010-cu ildə zədə səbəbindən nüfuzlu yarışlara qatılmayıb:

2009. Avropa çempionatı. Brandenburq (Almaniya). Valentin Demyanenko (Azərbaycan) - 39,308 saniyə
2009. Dünya çempionatı. Dartmut (Kanada). Valentin Demyanenko - 39,048
2010. Avropa çempionatı. Trasona (İspaniya). Yevgeni Şuklin (Litva) - 40,031
2010. Dünya çempionatı. Poznan (Polşa). İvan Ştıl (Rusiya) – 39,161
2011. Avropa çempionatı. Belqrad (Serbiya). Valentin Demyanenko – 39,855
2011. Dünya çempionatı. Seqed (Macarıstan). Valentin Demyanenko – 39,339
2012. Avropa çempionatı. Zaqreb (Xorvatiya). Valentin Demyanenko – 38,752

Göründüyü kimi, olimpiya məsafəsi sayıldığı vaxtdan 200 metrlik yürüşdə Demyanenko 3 dəfə Avropa çempionu, 2 dəfə dünya çempionu olub. O, daha bir Avropa çempionluğuna 2011-ci ildə 500 metrlik yürüşdə, daha bir dünya çempionluğuna isə 2005-ci ildə məhz Zaqrebdə imza atıb.

3 qat dünya çempionu və 4 qat Avropa çempionunu Azərbaycanın olimpiya növləri arasında ən titullu idmançılarından biri, hətta birincisi də saymaq olar. Demyanenkonun qızıl medal kolleksiyasında çatışmayan yalnız olimpiya çempionluğudur. Buna da kanoeçimiz 2012-ci il London Yay Olimpiya Oyunlarında nail olmağı hədəfləyib.

Qeyd edək ki, Valentin Demyanenko Zaqrebdəki Avropa çempionatında həm də Azərbaycanın aktivinə 21 xal yazdırıb. O, xallardan 20-ə 200 metr, 1-ə isə 500 metr məsafəyə yürüşdə imza atıb. Ölkəmizə daha 2 xalı 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüşlərdə çıxış etmiş kayakçımız Mirnazim Cavadov qazandırıb. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 25-ci yeri tutub. Kanoe yarışlarında ümumi sıralamada isə ölkəmiz 1 qızıl medalla 12-ci olub.