Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçılar məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarımfinala vəsiqə qazanmış 5 boksçumuzdan yalnız 1-i həlledici mərhələyə yüksələ bilib.
57 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə Almaniyanı təmsil edən Vladislav Barısniki 17:9 hesabı ilə məğlub edib. Boksçumuz finalda rusiyalı Arkadi Plemeniçenko ilə üz-üzə gələcək.
48 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə bürünc medalla kifayətlənməli olub. Millimizin üzvü yarımfinalda rusiyalı Süleyman Bammatova 10:13 hesabı ilə uduzub. Orxan Əliyevin (80 kq) finala gedən yolunu isə Belarus nümayəndəsi kəsib. O, Vladimir Titova 8:16 hesabı ilə məğlub olub. Cavid Quliyev də (60 kq) qitə birinciliyinin bürünc medalı ilə kifayətlənib. Həmyerlimiz yarımfinalda rusiyalı Aleksandr Moroxinə 13:19 hesabı ilə uduzub.
Məhəmmədəli Tahirov (+80 kq) da 3-cü yer tutanlar arasındadır. Ən ağır çəkili boksçumuz yarımfinalda rusiyalı Marat Kerimxanova 2 xal fərqlə məğlub olub - 9:11.
Beləliklə, milli komandamızın 4 üzvü Avropa birinciliyini bürünc medalla başa vurub. Şamil İbrahimzadənin medalının əyarı isə bu gün keçiriləcək finaldan sonra məlum olacaq.

11:12