08:46 02-07-2012
news_image
1120
STOLÜSTÜ OYUNLAR

Rəcəbovdan yeni rekord

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan millisinin lideri Teymur Rəcəbov üçün uğurlu olub.

Belə ki, bundan əvvəlki cədvəldə rekord müəyyənləşdirən həmyerlimiz şəxsi göstəricisini bu dəfə daha da yaxşılaşdırıb. Mixael Talın xatirəsinə həsr edilmiş turnirdə 3-cü olan qrossmeysterimiz dünyada 4-cü yerə yüksəlib. Aktivində 2788 xalı olan Teymur reytinqdə hindistanlı Vişvanatan Anandı geridə qoyub. Bu onun və ölkəmizin tarixində yeni rekorddur.

Rəcəbovdan fərqli, Vüqar Həşimov və Şəhriyar Məmmədyarov geriləyiblər. Onlar müvafiq olaraq, 1 və 9 pillə geriləyiblər. Həşimov hazırda 17-ci (2737), Məmmədyarov isə 23-cü (2726) yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinq cədvəlinə ilk “3-lük” yenə dəyişməz qalıb. Siyahıya 2837 xalla norveçli Maqnus Karlsen başçılıq edir. İkinci yeri Levon Aronyan (Ermənistan, 2816), üçüncü yeri Vladimir Kramnik (Rusiya, 2799) tuturlar.