23:44 04-07-2012
news_image
1136
DİGƏR NÖVLƏR

Olimpiadadan öncə dünya çempionatı

İyulun 11-də Litvanın Trakay şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. Apasport.az saytının xəbərinə görə, 5 gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı Aleksandr Aleksandrov təmsil edəcək.

22 yaşlı avarçəkənimiz 1 nəfərlik qayıqla (BM1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Belə qayıq tipində onun 27 rəqibi olacaq. Təmsilçimiz çempionata milli komandamızın məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında yollanacaq. Bu, Aleksandrovun 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi son sınağı olacaq.

Proqrama əsasən, avarçəkənimiz mübarizəyə iyulun 12-də başlayacaq. Ertəsi gün ¼ final və təsəlli yürüşləri olacaq. Yarımfinallar iyulun 14-də, final yürüşü isə iyulun 15-də keçiriləcək.

Qeyd edək ki, Aleksandr Aleksandrov 2010-cu ildə Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.