09:39 11-07-2012
news_image
1002
DİGƏR NÖVLƏR

Millimiz Avropa çempionatında mübarizəyə başlayır

Sabah Portuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı start götürəcək. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, dörd gün davam edəcək yarışda Azərbaycan 5 kayakçı və 3 kanoeçi ilə təmsil olunacaq.

Yeniyetmələrin mübarizəsinə 4 kayakçımız – Tamerlan Mustafayev, Amil Hüseynli, Aleksandr Piçugin, Yasin Əhmədov və 2 kanoeçimiz – Aleksey Kupin və Mikita Sablin qatılacaqlar. Kayakçılardan 1 nəfərlik qayıqla (K-1) Mustafayev 200 metr və 500 metr, 2 nəfərlik qayıqla (K-2) Hüseynli – Piçugin dueti, 4 nəfərlik qayıqla (K-4) Mustafayev – Hüseynli – Piçugin – Əhmədov kvarteti 200 metr, kanoeçilərdən 1 nəfərlik qayıqla (C-1) Kupin 500 metr və 1000 metr, Sablin isə 200 metr məsafəyə yürüşlərdə çıxış edəcəklər.

23 yaşadək idmançılar arasında isə Mirnazim Cavadov və Andrey Kraytor mübarizə aparacaq. Cavadov 1 nəfərlik kayak qayığı (K-1), Kraytor 1 nəfərlik kanoe qayığı (C-1) ilə yarışacaq. Onların hər ikisi 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaq.

Qeyd edək ki, ötən il Xorvariyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa çempionatında milli komandamız 1 qızıl, 1 gümüş medal qazanıb. Hər iki medala Andrey Kraytor sahib olub.