09:39 16-07-2012
news_image
1110
DİGƏR NÖVLƏR

Olimpiyaçımızdan daha bir tarixi uğur

Litvanın Trakay şəhərində keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Aleksandr Aleksandrov tarixi uğura imza atıb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytının məlumatına görə, 1 nəfərlik qayıqla (BM1X) çıxış edən 22 yaşlı idmançımız qızıl medal qazanıb.

Avarçəkənimiz mübarizəyə seçmə yürüşdən başlayıb. Onun çıxış etdiyi qayıq tipində 27 idmançı olub. Bununla belə, Aleksandrov seçmə, 1/4 final və yarımfinal yürüşlərini də hamıdan öndə başa vurub. Finalda da o, nəinki sonadək liderliyini əldən verməyib, hətta ən yaxın izləyicisi Hubert Trjibinskini (Almaniya) 8,53 saniyə (!) geridə qoyub. Bürünc medalı isə yunanıstanlı Dionios Angelopulos (7:24.30) tutub.

Bu, ölkəmizin idman tarixində akademik avarçəkmə növündə ilk dünya çempionluğu olub. İki il öncə məhz Aleksandrov Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında gümüş medal qazanmışdı. Həmin vaxt o, yalnız Almaniya təmsilçisi Karl Şultsedən geri qalmış, bürünc medalı isə yunanıstanlı Stergios Papaxristos (Yunanıstan) tutmuşdu. Bu nailiyyətindən sonra avarçəkənimiz növbəti dünya çempionatında qızıl medal qazanacağına söz vermişdi. Aleksandrov istəyinə növbəti il olmasa da, iki il sonra nail olub. Həm də o, elə Almaniyanın digər təmsilçisini üstələməyi bacarıb. Üçüncü yer isə yenə Yunanıstan idmançısına nəsib olub.

Beləliklə, Aleksandr Aleksandrov iyulun 27-də start götürəcək 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi yüksək hazırlıq səviyyəsində olduğunu bir daha nümayiş etdirib.